28 May Müstəqillik Günü ilə bağlı əfv gözlənilir.
Bu barədə Axar.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Novella Cəfəroğlu məlumat verib.
Əfv siyahısında kimlərin olduğu barədə açıqlama verə bilməyəcəyini vurğulayan N.Cəfəroğlu bunun prezidentin səlahiyyətində olduğunu qeyd edib.
Əfv olnanlar sırasında Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu və hüquqşünas İntiqam Əliyevin olacağı ehtimalı isə güclənməkdədir. Belə ki, ötən gün baş tutan iqtidar-müxalifət dialoqunda əsas müzakirə mövzusu cəmiyyətin diqqət mərkəzində olan Bakı-2015 Birinci Avropa Oyunları olub. Eyni zamanda, cari məsələlərdə partiyalarla birgə bir neçə məhbusun azad olunması məsələsi də müzakirə edilib.
Azərbaycan Prezidentinin köməkçisi və PA-nın İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov görüşdən sonrakı açıqlamasında bu məsələyə toxunulduğunu açıqlayıb: “Bir qrup məhbusun azad olunması və s. məsələləri gündəmə gətirdilər. Ölkə başçısına əfvlə bağlı müraciət etdilər…”
Görüşdə iştirak edən Fazil Mustafa da vurğulayıb ki, ailəsində dəhşətli faciə baş verən Tofiq Yaqublu və hüquqşünas İntiqam Əliyevin azadlığa çıxması müzakirə olunub. O, 28 May Müstəqillik Günü ilə bağlı bu şəxslərin azadlığa çıxacağına ümid etdiyini qeyd edib.
Qaynar.info