Xəbər lenti

Siyasət 15:09 25.10.2023

"3+3" formatı, yoxsa Cənubi Qafqazda iş birliyi? (ŞƏRH)

"3+3 formatının baş tutmasından daha çox üç Cənubi Qafqaz ölkəsilə iş birliyinin yaranması daha realdır".
 
Bunu Qaynarinfo-ya politoloq Taleh Əliyev 3 ilə yaxındır müzakirəsi aparılan "3+3" formatının reallaşma ehtimalından danışarkən deyib. Politoloq sözlərinə görə, "3+3" formatı artıq üç ilə yaxındır ki, masadadır, lakin qurum "3+3" adlansa da, bu günə qədər Gürcüstan onun təşkil etdiyi heç bir toplantıya qatılmayıb:

"Formatın ilk toplantısı xarici işlər nazirləri səviyyəsində Moskvada keçirilib. Son Tehran görüşündə də Tiflis iştirak etməyib. Tiflisin "3+3" formatına qatılmaması Rusiyanın Gürcüstan ərazisinin bir hissəsini işğal etməsilə bağlıdır. Görünən odur ki, Tiflis qurumun növbəti  toplantılarını da boykot edəcək. Formatın növbəti toplantısı Türkiyədə keçiriləcək. Türkiyə Gürcüstanı tutduğu mövqeyindən çəkindirə bilməsə, bu formatda uğurlu nəticənin əldə olunması gözlənilmir".

Ekspert qeyd edib ki, Gürcüstanın mövcud şəraitdə formata qoşulma ehtimalı sıfra bərabərdir:



"Formatın gerçəkləşməsi naminə Rusiyanın işğal etdiyi Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytaracağı gözlənilmir. Bu fonda da "3+3" formatı alınmayacaq və format olsa-olsa, Azərbaycan, Ermənistan, Türkiyə, İran və Rusiyadan ibarət olmaqla "2+3" formatı şəklini alacaq. Yaranmış vəziyyətdə 3 Cənubi Qafqaz ölkəsilə iş birliyinin yaranması daha real görünür, nəinki "3+3" formatının baş tutması. Çünki bu formatda İran və Rusiyanın məqsədi Avropa İttifaqı və ABŞ-ın regiona nüfuzunun qarşısını almaqdır. Türkiyə bölgədə sülh və təhlükəsizliyin təmini üçün region dövlətlərinin iştirakında maraqlıdırsa, Tehranla Moskva əslində Qərbin regiona daxil olmasına əngəl olmaqla özlərinin ərazidə dominant qalmalarına çalışırlar".

Qeyd edək ki, Ankara və Bakının təşəbüsü ilə 44 günlük müharibədən sonra Cənubi Qafqazın 3 ölkəsi, Türkiyə, İran və Rusiyanın iştirakı ilə "3+3" formatı gündəmə gəlib. Lakin 3 ilə yaxındır məsələ ətrafında müzakirələr aparılsa da, hələlik prosesdə hər hansı bir irəliləyiş yoxdur. Gürcüstan Rusiyanın onun torpaqlarını işğal etməsini əsas gətirərək, prosesdə hələ ki, iştirak etmir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->