“Bu qadınların çox güclü himayədarları var. 100 nəfəri dilənçi vəziyyətinə salıblar. Borcla, kreditlə üz-üzə qalmışıq. Bizi bu günə qoyanlardan biri - Vüsalə Mahmudbəyli isə heç nə olmamış kimi azadlıqda gəzir”. Bunu virtualaz.org saytına “T-Group” Tədris Mərkəzinin Mingəçevir filialının rəhbər işçilərinin fırıldağı ilə üzləşərək zərər görmüş bir qrup Mingəçevir sakini deyib.
Şikayətçilərin sözlərinə görə, “T-Group” adı altında 3 dələduz qadın - Pərvanə Tağıyeva, Ülkər Sanılı və Vüsalə Mahmudbəyli işə qəbul olunacaqları vədi ilə 100 nəfərə yaxın adamın hər birindən 1500-2000 manat məbləğində pul alaraq mənimsəyiblər. İşə düzəlmək istəyən sakinlər pulları “Access bank”ın Mingəçevir filialında Ülkər Sanılının adına açılmış hesaba köçürüblər.
“Bizə dedilər ki, bu pulu Mingəçevirdəki “Access bank”a keçirin, sonra işlə təmin olunacaqsınız. Vüsalə Mahmudbəyli əvvəlcədən qeydiyyatdan keçmiş adamlara Ülkər Sanılının adına açılmış şəxsi hesaba köçürmək üçün çek verir, adamlar da onlara inanaraq pulu həmin hesaba yatırırdı. Dəfələrlə onlardan əmək müqaviləsi tələb etdikdə müxtəlif bəhanələr gətirir, ayın tamamında maaş verəcəklərini bildirirdilər. Amma nəinki maaş vermədilər, bizə heç söz verdikləri bağçanın yerini də göstərmədilər. Nəhayət, aldadıldığımızı başa düşüb bu ilin yanvar ayında Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etdik” - deyə şikayətçilər bildirir.

Mingəçevir sakinlərinin sözlərinə görə, məhz onların şikayətləri əsasında bu ilin fevral ayının 9-da Ülkər Sanılı, fevralın 10-da isə Pərvanə Tağıyeva həbs olunub. Hər iki qadına qarşı 178.2.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb: “Bu günə kimi hələ də pullarımızın qaytarılması ilə bağlı heç bir cavab almamışıq. Krediti ödəyə bilmədiyimiz üçün Daxili İşlər Nazirliyinin Təhqiqat və İstintaq İdarəsinə dəfələrlə məktubla müraciət etmişik. Hər dəfə də “istintaq gedir” deyərək bizə əlavə heç bir məlumat verməyiblər. Cavabların birində isə qeyd olunur ki, təqsirləndirilən şəxs kimi Vüsalə Mahmudbəyli barədə kifayət qədər sübut toplanmadığından o, məsuliyyətə cəlb edilməyib”.
Şikayətçilər krediti ödəyə bilmədiklərini, ailələrində yaranmış maddi durumun acınacaqlı olduğunu söyləyirlər: “Düzdür, Mingəçevir sakinlərinin etirazı nəticəsində Pərvanə Tağıyeva və Ülkər Sanılı həbs olundular. Lakin Vüsalə Mahmudbəyli hələ də azadlıqda gəzir. Bizə deyir ki, mən də sizin kimi aldanmışam. Əslində isə bizi aldadan elə Vüsalədir. Bu üç qadın tərəfindən aldadılan şəxslərin hamısı aidiyyəti orqanlara şikayət məktubu yazıblar. Bu iş üzrə hələ də istintaq gedir, məhkəmənin vaxtını uzadırlar.
“T-Group” Tədris Mərkəzi tərəfindən kağız üstdə işə qəbul “olunanların” əksəriyyəti işsiz qalmış gənc ailələrdir. Bu ailələr o pulları bankdan kredit kimi götürüblər. İndi isə manatın ucuzlaşdığı, dolların məzənnəsinin qalxdığı bir dövrdə biz kreditləri ödəyə bilmirik. O üzdən də banklardan mütəmadi zənglər olunur, bank nümayəndələri evimizə qədər gəlirlər, bizdən aylıq krediti ödəməyimizi tələb edirlər.
Ailələrimizdə yaranan maddi durum bizi acınacaqlı vəziyyətə gətirib çıxarıb. Heç kim bizimlə maraqlanmır. Hər ailədə 3-4 körpə, məktəbli uşaq böyüyür. Dəfələrlə yığışıb aksiya keçirmişik, polislərin təzyiqi nəticəsində müdaxilələr olunub. Camaatı aldadıb yaman günə qoyan bu fırıldaqçılara niyə layiqli cəza verilmir? Aidiyyəti orqanlardan xahiş edirik, bu cinayət işinə ciddi və obyektiv yanaşsınlar, pullarımızın qaytarılması üçün bizə kömək etsinlər. Çünki fırıldaqçıların mənimsədiyi o pullar bizim də deyil, pulları banklardan kredit kimi götürüb vermişik. İndi də heç birimiz ödəyə bilmirik”.

Mingəçevir şəhər sakinləri Lalə Quliyeva, Jalə Qarayeva və Həbibə Mahmudova virtualaz.org saytına açıqlamasında onları hiddətləndirən daha bir məqamın Vüsalə Mahmudbəylinin məsuliyyətdən kənarda qalması olduğunu deyirlər: “Bizi istintaqa çağırıb dindirdilər. Biz nə Pərvanə Tağıyevanı, nə də Ülkər Sanılını tanımamışıq. Bu üç qadının çox güclü himayədarları var. Vüsalə hər dəfə “arxamızda çox güclü insanlar durub” deməklə bizi də arxayın saldı. Görəsən, bu qədər adamı borcla, kreditlə üz-üzə qoyan o insanlar kimdir? Bizim tanıdığımız adam Vüsalə Mahmudbəyli olub. Pullarımız da Vüsalədən tələb edirik, bizi o aldadıb. Vüsalə şəhər məktəblərinin birində müəllimə işləyir. Ona gözün üstündə qaşın var deyən də yoxdur. Bu qadınların çox güclü himayədarları var ki, 100 nəfəri dilənçi vəziyyətinə salıblar”.
Qeyd edək ki, 100 nəfərdən artıq Mingəçevir sakini ölkə başçısına müraciət edərək kömək istəyir: “Cənab prezident! Aldadılmış bütün analar, bacılar, Mingəçevir sakinləri adından sizdən kömək istəyirik. Bu işdə zərərçəkənlərin böyük əksəriyyəti qadınlardır. Hazırda banklar bizi kritik vəziyyətə çatdırıb. Bizi bu cinayətkarların bəlasından, bankların cəzasından qurtarın və pullarımızın qaytarılmasına yardım edin”.
Xatırladaq ki, Qazax, Mingəçevir, Bərdə və digər rayonlarda təhsil kursları və uşaq bağçaları açan və işə düzəldəcəkləri adı ilə yüzlərlə sakindən pul alan “T-Group”un əsas üzvləri Pərvanə Tağıyeva və Ülkər Sanılı həbs olunublar. İstintaq araşdırmaları davam edir.
Virtualaz.org saytının müxbiri bu məsələyə aydınlıq gətirmək üçün Mingəçevir Şəhər Polis Şöbəsi ilə əlaqə saxlayıb. Zənglərimizə cavab verilsə də suallarımıza cavab verilmədi...
Qaynar.info