Xətai rayonu, Cavanşir küçəsi 4 ünvanında yerləşən Radioquraşdırma zavodunun yataqxanasında yaşayan sakinlərdən Qaynarinfo-yaşikayət daxil olub.
Onlar yaşadıqları binanın vəziyyəti ilə bağlı saytımıza müraciətdə bunları bildiriblər:
"Bu müraciəti sizə Xətai rayonu Cavanşir küçəsi 4 ünvanında yerləşən Radioquraşdırma zavodunun yataqxanası sakinləri tərəfindən yazılır. 1992-1994-cü illərdə məcburi köçkünlərin yataqxanamızda məskunlaşması nəticəsində sakinlərin 70%-ni məcburi köçkünlər, 30%-ni isə 35-40 ildir orada yaşamış insanlar təşkil edib.
2018-ci il iyul ayından etibarən dövlətimizin qaçqın və məcburi köçkünlərin mərhələli şəkildə və ilk növbədə yalnız qəzalı binalardan köçürülməsi planı həyata keçirilib və təxminən 67 qaçqın ailəsi "Qobu Park" yaşayış kompleksinə köçürülüb.
Yerdə qalan təxminən 30 yerli (yəni köçkün olmayan) ailə qəzalı vəziyyətdə olan, yaşayış üçün dözülməz olan binada yaşamaqda davam edirik. Faktiki olaraq yataqxananın 2/3 hissəsi boş və xarabalığa dönmüş olduğu üçün həyatımız üçün təhlükəli hallara (yanğın, oğurluq, təbii qazın sızması təhlükəsi) rast gəlinir.
Prezident İlham Əliyevin "2018-ci il 9 ayın yekunları"na həsr olunmuş iclasında söylədiyi nöqsanlar və boşluqlar bizim yataqxanada daha da ağır şəkildə öz əksini tapır. Azərbayçan Respublikasının vətəndaşları olaraq xahiş edirik, 30-40 il yataqxanada (əksəriyyəti müəssisənin mənzil növbəsinə durublar) yaşayan sakinlərin taleyinə biganə yanaşılmasın".