ATƏT-in
Minsk qrupunun həmsədrləri beş aydan sonra üzə çıxıb. Bu quruma daxil olan bəzi
ölkələr, o cümlədən həmsədrlər Azərbaycanla bağlı yeni oyuna başlayıb.
Ötən
müddət ərzində bu qurumun təmsilçiləri iki dəfə bölgəyə səfər ediblər. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 12-də ATƏT-in Minsk
qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü
Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail
Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey
Kaspşiki, 2021-ci il martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə
olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Hər
iki görüş Azərbaycan üçün heç bir əhəmiyyət daşımayıb. Onda dövlət başçısı həmsədrlərin
diqqətinə bunları da çatdırmışdı: "Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət
və beynəlxalq hüquq bizim tərəfimizdə idi. ...Sizi dinləyirəm, çünki buraya gəlmək
sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk
qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək
istəyir, dedim gəlsinlər, etiraz etmirəm”. Prezident İlham Əliyev Ann Lindenə
demişdi: "Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq.
Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki
işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr,
bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq.
Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla
Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə
başlamışıq”. Dövlət başçısı bununla ATƏT rəsmisinə münaqişənin bitdiyini, yeni
şəraitin yarandığını bildirib. Ann Linden isə cavabında demişdi: "Əlbəttə ki,
biz ATƏT ərazisində münaqişənin həllinə töhfə vermək üçün nə edə biləcəklərimizi
nəzərdən keçirəcəyik. Odur ki, bu kontekstdə, əlbəttə, beynəlxalq hüquq, beynəlxalq
insan hüquqları, humanitar qanun, qadınlar, sülh və təhlükəsizlik bizim üçün
prioritet məsələlərdir. Hesab edirəm ki, bu məsələlər üzərində birlikdə
çalışmaq mümkündür”.
ATƏT rəsmisi
bu çıxışdan sonra Qarabağdakı separatçı rejimin qalıqlarından olan qondarma
"xarici işlər naziri” David Babayanla Yerevanda görüşüb. Görüşdə Anjey Kaspşik,
həmçinin qondarma rejimin Ermənistandakı "daimi nümayəndəsi” Sergey Qazaryan da
iştirak edib. Ann Linden bununla da yeni oyuna strat verib. Bu oyunun davamı
olaraq aprelin 13-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya),
Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) birgə bəyanat yayıblar. Sənəddə
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan ordusunun bölgədən
çıxması, sülhməramlılara ehtiyac qalmaması üçün görüləcək işlər və başqa bu
kimi məsələlərə toxunmadan dolayısı yolla köhnə bayatını oxuyublar. Sənəddə həmsədrlər
davamlı sülhə nail olunması, etimad mühitinin yaradılması, hərbi əsirlər və digər
məhbusların beynəlxalq humanitar hüququn müddəalarına uyğun olaraq geri
qaytarılması, münaqişə bölgələrinin təsirli şəkildə təmizlənməsi üçün lazım
olan bütün məlumatların mübadiləsi, beynəlxalq humanitar təşkilatların nümayəndələri
də daxil olmaqla Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin qaldırılması, dini və
mədəni irsin qorunması, münaqişəyə cəlb olunan icmalar arasında birbaşa təmaslar
və iş birliyinin qurulması, eləcə də insanlar arasında etimad yaratmaq üçün
başqa tədbirlər görülməsindən bəhs edblər. Bildirilib ki, qarşılıqlı etimad
mühitini yaratmaq məqsədilə ərazilərin təsirli minalardan təmizlənməsi üçün
lazımi məlumatların mübadiləsi vacibdir.
Sanki
həmsədrlər bölgə ilə bağlı ilk dəfə bəyanat verirlərmiş kimi çıxış ediblər.
ABŞ, Fransa, Rusiya və başqa ölkələrin xeyriyyə təşkilatları Qarabağda
separatçılara yardım edib səngər qazanda, bunkerlər tikəndə, ərazilər
minalananda, məscidlər dağıdılanda, azərbaycanlılara məxsus yaşayış evlərinin
daşı daş üstündə qalmayanda, yer adları erməniləşdiriləndə, Şuşada separatçı
rejim nümayəndələri "andiçmə” mərasimi keçirəndə, Ermənistan rəsmiləri Şuşaya və
Azərbaycanın işğal altında olan bölgələrinə səfərlər edəndə ATƏT-in həmsədrləri
hara baxırdı? Yaxud Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır”
deyəndə həmsədr ölkələr niyə ona beynəlxalq hüququ xatırlatmırdılar. Necə
olubsa, ATƏT-in həmsədrlərinin yadına Qarabağdakı mədəni abidələr düşüb.
Halbuki vaxtilə ATƏT-in Faktaraşdırıcı Missiyası işğal olunmuş ərazilərə səfər
edərək burada mədəni abidələrin dağıdıldığını təsdiqləmişdi. Onda qurum və həmsədr
ölkələr bununla bağlı heç bir tədbir görmədilər.
Azərbaycan
Ordusu torpaqlarını işğaldan azad edəndən sonra ATƏT-in həmsədrlərinin fəaliyyətsizliyi,
ermənilərin özbaşınalıqlarına göz yummaları, Qarabağda xeyriyyəçilik adı
altında fəaliyyət göstərən sponsorların əməlləri göründü. Məlum oldu ki, ATƏT
kimi təşkilatların yumşaq ifadə etsək, laqeydliyi, ermənilərə üzügörənliyi nəticəsində
xeyriyyəçilər Qarabağda mina "əkilməsinə” "humanitar yardım” edirmiş. ATƏT-in
Minsk qrupunun amerikalı keçmiş həmsədri Riçard Hoqlandın "The International
Conflict Resolution Center”ə verdiyi son açıqlaması qurumun iç üzünü açmağa
kifayət edir: "Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı, içərisi dolu barı
olan, heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz
şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT
bayrağını qaldıraraq Bakı və Yerevanın yadına Minsk qrupunun mövcud olduğunu
salırdıq. Amma lap açıq danışsam, çox-çox az iş görülürdü”.
ATƏT-in
nümayəndələri Qarabağda, təmas xəttində 30 ilə yaxın müddət ərzində montorinqlər
keçiriblər. Ancaq onlar heç vaxt ərazilərin minalanmasına etiraz etməyiblər.
Onların bu istiqamətdə fəaliyyətsizliyi səbəbindən 2020-ci il noyabrın 10-da Azərbaycan,
Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı
bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat
imzalandığı vaxtdan bu günədək işğaldan azad olunmuş ərazilərdə mina partlaması
nəticəsində 14 nəfəri mülki şəxs olmaqla Azərbaycanın vətəndaşı 20 nəfər həlak
olub, 86 nəfər yaralanıb.
Bəs
ATƏT-in Minsk qrupunun Qarabağda nə işi var? Yoxsa ermənilərin sponsorları
Qarabağda yenidən münaqişəni qızışdırmağa hazırlaşırlar? Danışıqların predmeti
yoxdur. BMT-nin uyğun qətnamələri icra olunub. Azərbaycan öz ərazi bütövlüyünü
bərpa edib. Belə bir şəraitdə həmsədrlərin vasitəçiliyinə ehtiyac qalmır. İmza
atanlar arasında Rusiya nümayəndəsinin adının olması təəccüblüdür. O, regionda
tam yeni bir reallığın yarandığını, vətəndaşı olduğu Rusiya sülhməramlılarının
Dağlıq Qarabağda yerləşdirildiyini unudub. Fransa isə İkinci Qarabağ müharibəsində
iç üzünü göstərdi. O, birmənalı şəkildə işğalçını müdafiə etdi, ona hərbi və
canlı qüvvə ilə yardım göstərdi. Bu baxımdan Fransa vasitəçi sifəti ilə
obyektiv və tərəfsiz sayılmır.
Bir məsələni
də qeyd edək. Dünyadakı münaqişələr BMT-nin 5 daimi üzvünün monopoliyası səbəbindən
həll edilmir. Bu, Qarabağın 30 il işğal altında qalması ilə də təsdiqini tapıb.
Son illər Türkiyə beynəlxalq arenada çox fəal aktor rolunda çıxış edir. Bu
baxımdan onun da prosesə fəal qoşulmasına və həmsədrlərdən biri olmasına
razılıq verilməlidir. Bu günlərdə ABŞ dövlət katibinin Avropa və Asiya işləri
üzrə köməkçisinin müavini Corc Kent "Türk irsi” qeyri-hökumət təşkilatının
internet-seminarındakı çıxışında bildirib: "Ola bilsin ki, Rusiya Dağlıq
Qarabağ ətrafında münaqişənin tənzimlənməsinə deyil, onun qalmasına cəhd göstərir”.
Burada "Rusiya”nın yerinə ATƏT-in Minsk qrupunun və həmsədrlərin də adını
yazmaq olar. C.Kent vurğulayıb ki, ABŞ Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların
dayanmasını alqışlayır: "İndiyədək münaqişənin tənzimlənməsi ATƏT-in Minsk
qrupu çərçivəsində davam edib. Hesab edirəm ki, bu mexanizmin qarşısında indi bəzi
çağırışlar durur. Fəaliyyətimizi (həmsədrləri nəzərdə tutur - red.) davam
etdirməyə doğrudan maraq varmı?..”
Qrupun
tarixi ATƏM-in (sonra ATƏT adlandı) Xarici İşlər Nazirləri Şurasının 1992-ci il
martın 24-də Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Dağlıq
Qarabağda vəziyyət müzakirə olunub, münaqişənin sülh yolu ilə həll edilməsinə
dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. 29 ildir bu
qurum artıq münaqişə sayılmayan bir problemlə məşğul olur. Hadisələr sübut edir
ki, vasitəçilər öz siyasi mövqe və baxışları əsasında məsələyə yanaşırlar. Bu
yanaşma isə Azərbaycanla Ermənistan arasında münaqişənin yenidən qızışmasına və
iki ölkə arasında sülhün yaranmasına mane ola bilər. Odur ki, ATƏT-in Minsk
qrupu kimi qurumların Azərbaycan ərazisində fəaliyyət göstərməsinə ehtiyac
qalmayıb.
Sədrəddin İsmayılov
Şərhlər