Xəbər lenti

35 ilin tamadası: “Sən demə bəyin atası da xına qoyurmuş..." (MÜSAHİBƏ)
Ölkə13:32 27.05.2019

35 ilin tamadası: “Sən demə bəyin atası da xına qoyurmuş..." (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Onunla tamamilə təsadüfən tanış olduq: rayonlardan birinə səfər zamanı, yolda... Ayrılanda söhbətimiz əsasında kiçik bir yazı hazırlayacağımı dedim, razılaşdı, ancaq xahiş elədi, adını qeyd etməyim. Razılaşdım və danışdıqlarından maraqlı hissələri müsahibə şəklində oxucularla paylaşmağı qərara aldım. 
– Neçə ildi bu işlə – tamadalıqla məşğulsunuz? 
– Hardasa 80-ci illərin ortalarından. 35 il olar, yəni. 
– Bəs tamadalığa necə başladınız? 
– Mən ixtisasca mühəndisəm. Ancaq uşaqlıqdan şeirə marağım böyük idi. Yaxşı yaddaşım vardı. Bir şeiri uzağı iki dəfə oxuyub əzbərləyirdim. Hardasa, 85-86-cı il olardı, bir dostum məni işləməyə Rusiyaya apardı. Tikinti ilə məşğul idik. Bu dostumun da qonşu şəhərlərdən birində sinif yoldaşı öz tikinti briqadası ilə işləyirdi. O, məni tez-tez həmin şəhərə aparırdı. Bir dəfə gedəndə məlum oldu ki, nəsə böyük məclis var. Dostum sinif yoldaşına dedi, bizim bu qardaş yaxşı şeirlər bilir, gözəl sağlıqlar deyir, gəlsənə bunu məclisə tamada seçək. O da həvəslə razılaşdı. 
– Sizin də ürəyinizdən oldu...
– Yox, əşşi... Etiraz elədim. Əl çəkmədilər, güclə boynuma qoydular. Yaxşı məclis keçdi. Axırda da dedilər, bundan sonra nə məclisimiz olsa, sənlikdir. Belə-belə başladım tamadalığa.
– Apardığınız ilk toy yadınızdadır?
– Sünnət toyu idi, elə həmin dostumun sinif yoldaşının uşaqlarının... Toy Azərbaycan rayonlarından birində idi. 88-89-cu il olardı. Dedi, toyu sən apar, bir sezonda Rusiyada qazandığının yarısını verəcəm. Sözünün üstündə durdu. Ondan sonra həm öz briqdamızda, həm də dostumun dostunun briqdasındakı adamların xeyir işlərində tamadalıq eləyirdim. Getdikcə "zakaz”lar çoxaldı. Rusiyadakı azərbaycanlıların bir çoxunun da toylarını aparmışam. Baxdım, tikintidən yaxşı qazanıram, dostum da dedi, ağlın-başın olsun, neynirsən bu qumla, daşla əlləşib, elə tamadalıqla məşğul ol. Pulu pul, hörməti hörmət. Bütün günü oturub qeyri-adi sağlıqlar fikirləşirdim. Ən çətini bu sağlıqlara uyğun şeirlər tapmaq idi. 
– Belə şeir tapmaq çətin olurdu? 
- 100-dən çox şeir əzbər bilirdim, di gəl, içində 15-20-si sağlıq kimi gedərdi, ya yox. Bilirsən, məclis şeiri başqadı. Gərək yeyib-içənin damarına düşsün, ürəyinə yatsın. Mən həmişə böyük şairlərin şeirlərini əzbərləmişəm, ancaq onların çoxu məclisdə kimə lazımdır? Bir də görürsən, kimsə qayıdır ana haqqında şeir de. Mən də Cəfər Cabbarlının "Ana” şeirini deyirdim, ancaq baxırdım ki, ağız-gözünü əyir əksəriyyət. Deyir, çox qəlizdi, mən də məcbur olub özümdən "ana” şeiri yazırdım, heç kim də əhəmiyyət vermir ki, heca düzdü, ya yox, qafiyə düz gəlir ya-yox, baxır ki deyirəm, "anamın əlindən zəhər içsəm də, dünyanın ən şirin balıdı mənə”, o saat yerbəyerdən başlayırlar, "afərin”, "əhsən”, "bəh-bəh, zalım oğlu, nə yazıb amma!” Kimi kövrəlir, kimi "çort”a gedir, kimi hönkür-hönkür ağlayır. 
– Ən sevdiyiniz şair kimdi? Daha çox kimin şeirlərini oxuyursunuz? 
– Çoxdu... Klassiklərin hamısını sevirəm. Mirzə Ələkbər Sabirdi, Səməd Vurğundu, Hüseyn Arifdi, Məmməd Arazdı, Aşıq Ələsgərdi, hərəsindən o qədər şeir bilirəm. Ancaq məclislərdə daha çox Bəhmən Vətənoğlunun, Sücaətin, Borsunlu Məzahir Daşqının şeirlərini deyirəm. Onlar da gözəl şairlərdi. Məclisə baxır də... Bir də görürsən, məclis olur, biri qalxır ki, Füzulidən şeir de... Elə sevinirəm. Ancaq məclis də olur, durub elə şairdən şeir istəyir, heç adını bilmirsən. Bunu deyəndə də xətrinə dəyir, acıqlanır ki, "adını tamada qoymusan, ancaq fialnkəsi tanımırsan”. Başa salmaq da olmur ki, indi neyləyim, camaatımızın yarısı şeir yazır, hamısını tanımağa borcluyam, ya da mənim yaddaşım nə qədərdi ki, hamısından heç olmasa bir-iki şeir əzbərləyim. Ancaq içkili adamdı, çox üz vura bilmirsən. Sonra məsələ böyüyür, düşürsən zibilə...
– Özünüz demiş, "zibilə” çox düşmüsünüz?
– Ehh, o qədər... Hardasa 20 ilin söhbətidi. Bir toyda söz deməyə çıxan bir nəfər bəy-gəlini təbrik elədi, təbrikini qurtarandan sonra da qayıtdı ki, mənim "muzıkantlara” "zakaz”ım yoxdu, "zakaz”ım tamadayadı. Sonra da adını bilmədiyim bir şairdən şeir istədi. O qədər içib, ayaq üstə dura bilmir, gördüm qır-saqqız olub yapışıb yaxamdan, əl çəkmir, götürüb Bəhmən Vətənoğlunun şeirlərindən birini həmin şairin adına dedim. Sən demə, məclisdə Vətənoğlunun yerlisi varmış, bütün şeirlərini də əzbər bilirmiş. Mən şeiri tamamlamış bu yerindən qalxıb əlini-qolunu ölçə-olçə, söyə-söyə üstümə gəldi. Şeir "zakaz” eləyən də məsələdən agah oldu, ikisi birləşdi, əllərindən güclə aldılar məni (gülür). Bir dəfə də bir toyda şeir deyirdim, sonra sözü sayılıb-seçilən bir ağsaqqala verməliydim. Dediyim şeir də buna görə köhnə kişilər-zad haqda idi, bir yerində də belə misralar vardı ki, "korlanıb zəmanə, indi kişilər başa xına qoyur papaq yerinə”. Şeiri təzəcə qurtarmışdım, bir nəfər yaxınlaşdı, qulağıma piçıldadı ki, "bəy deyir, o mikrafonu alıb soxaram filan yerinə, ya adam kimi məclis aparsın, ya da vızqırtsın burdan”. Sən demə, bəyin atası da başına xına qoyurmuş (yenə gülür).
–  Adətən toylarda döyülən musiqiçilər, müğənnilər də olur. Sizin də başınıza gəlib belə bir şey? 
– Söyülmüşəm, mübahisəyə düşmüşəm, ancaq hamısından şillə-təpiksiz qurtulmuşam. Bircə dəfə toy zamanı ansamblın gitara çalanını döyməyə başladılar, mən də araya keçdim, babat yumruq yedim, dodağımı partlatdılar. O toya da yaxın bir adam dəvət eləmişdi, ansambldakıları heç tanımırdım da... "Prostı” gördüm gitara çalanı möhkəm çırpmağa başladılar, ürəyim dözmədi, araya girdim, axırı da belə (gülür). Toydan sonra məni dəvət eləyən üzrxahlıq elədi, toy sahibinin verdiyi pulun üstünə bir o qədər də qoyub yola saldı. 
– Ancaq bütün bu qalmaqallara baxmayaraq işinizi sevirsiniz... 
– "Sevirsiniz” deyəndə ki, ailəmin çörəyi buradan çıxır, balalarımı tamadalıqla böyütmüşəm, ev-eşik yiyəsi eləmişəm, imkanım pis deyil... Düzdü, son illərdə əvvəlki qazanc olmur, ancaq buna da şükür. Devalvasiyadan sonra rayonların birinə dəvət eləmişdilər, qiyməti 5 manat əvəzinə 10 manat dedim. Qayıtdı ki, siz iki il qabaq da bizim qohumlardan birinin toyunu aparmısınız, onda bundan ucuz gəlmişdiz. Dedim, "qadan alım sənin, o iki il qabaq idi, indi görmürsən, manat "ölüb”, dollar haraya qalxıb..." Cavab verdi ki, dollar qalxıb qalxıb də, sən də xaricdən dollarla "tost” gətirirsən bəyəm? İndi daha çox müəyyən məclislərə gedirəm: ad günləridi, yubileylərdi, kimisi oğlunu əsgər yola salır, kimisi balasının uyniversitetə qəbul olması münasibətilə şadlıq eləyir... Gedirəm, bir toyda qazandığımın üç qat artığını qazanıram. Hamısı illərdi tanıdığım, münasibət qurduğum adamlardı, çoxlarının da özünə qismət, varı-halı... Yaxşı görüm-baxım eləyirlər, sağ olsunlar. Artıq yaş da o yaş deyil, toy aparmağa bir elə səbir, hövsələ çatmır. Tamadalıq əziyyətli işdi, gərək o toyda 300 adamın hamısının nazı ilə oynayasan. Ancaq indi özümün nazımla oynayan lazımdı... 
– Bir söz soruşum, ancaq səmimi cavab verin. Çoxları indiki toylarımızın bayağı, düşük olmasından gileylənir. Bu bayağılıqda, düşüklükdə musiqilər, musiqiçilər qədər tamadaların da payı az deyil. Razısınız? 
– Qardaşoğlu, nə demək istədiyini başa düşürəm, ancaq qəti razı deyiləm. Toyda neyləməliyəm mən? Oturub elm xırdalamalıyam? Hamı yeyib-içir, kefi yuxarıdı, biri durur rayonu, kəndi haqqında şeir istəyir, o biri ata-ana haqqında... Tamadanın da vəzifəsidi ki, onların istəyini yerinə yetirsin. Bizim də bu cür şeirlərimizin çoxu zəifdisə, mənim günahım nədi? Tutalım filan rayonda toydayam, getməmişdən axtarıb Kürdəmir barədə şeir gəzirəm, bilirəm ki, camaat istəyəcək, ya da onların könlünü xoş eləmək üçün lazımdı bu... Məhəmməd Füzuli, ya da Səməd Vurğun, məsəlçün, Kürdəmir haqda şeir yazıb mən oxumuram?  (gülür) O kinoda deyir e, "bu toydu, toyda neyləyərlər? Oynayarlar. Camaat toyda əylənmək istəyirsə, müğənni neyləsin, ariya oxusun? (yenə gülür). Hər yerin öz musiqisi var, toyun da öz musiqisi var. Toyda ciddi musiqi, dahiyanə şeir dinləmək istəyən guya gedib evdə elə musiqiyə qulaq asır, elə şeir oxuyur? Bilirsən, toylarımızın çatışmazlığı çoxdu. Cəmiyyətimizin güzgüsüdü toylar. Cəmiyyətimizdə nə çatmırsa toylarımızda da o çatmır. 
Söhbəti düzüb-qoşdu:
Elnur Astanbəyli