Ölkə 15:16 25.07.2022

39 yaşı, 18 illik iş təcrübəsi var, baş həkimin qardaşıdır - Yeni icra başçısı kimdir?

Göygölə yeni icra başçısı təyin olunub. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qaynarinfo xəbər verir ki, Elvin Paşayev 27 iyul 1983-cü ildə anadan olub. Dövlət İqtisad Universitetində Maliyyə, Bakı Dövlət Universitetində Regionşünaslıq ixtisası üzrə təhsilini davam etdirib. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura təhsili alıb.

Yeni başçı 18 illik iş təcrübəsi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN Xidmət) İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb.

Bununla yanaşı o, Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi işləyib.

Elvin Paşayev Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir.

Bugünkü təyinata qədər o, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb. Prezident İlham Əliyevin 2020-ci il iyunun 23-də "Dövlət qulluqçularının təltif edilməsi haqqında" imzaladığı sərəncamına əsasən, uğurlu fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, Elvin Paşayev "Yeni klinika”nın baş həkimi Cavid Paşayevin qardaşıdır.