Xəbər verdiyimiz kimi, Nərimanov rayonunda yerləşən mənzillərdə 4 evdən 113 min manatlıqlıq qızıl-zinət əşyaları və pul vəsaitləri oğurlayan Niyaməddin Əliyev saxlanılıb.
Qaynarinfo oğurluq edən Niyaməddin Əliyevlə bağlı maraqlı araşdırma edib.
Niyaməddin Əliyev 4 il əvvəl iyul ayının 4-də eyni hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi 17 və 18-ci Polis Şöbələri əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, 04.07.2018-ci il tarixində DİN-nin yaydığı məlumatda deyilir ki, Nərimanov RPİ 17 və 18-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyun ayı ərzində rayon ərazisindəki 4 evdən pul, qızıl və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Əliyev saxlanılılıb.
Niyaməddin Əliyevin o vaxt saxlanılan zaman bu sözləri demişdi: "Nərimanov rayonu ərazisində 5 cinayət hadisəsi törətmişəm, ona görə polis əməkdaşları məni saxlayıblar. Oğurluq etdiyim evlərin hamısı birinci mərtəbədə idi. Girib qızıl, gümüş oğurlamışam. Qiymətli əşyaları oğurlamışam”.
Maraqlısı ondan ibarətdir ki, Niyaməddin Əliyev 2018-ci ildə olduğu kimi, 2022-ci ilin iyun ayında eyni cinayətə görə saxlanılıb. Bu dəfə də o, əynində eyni köynək və eyni ünvanlar olmaqla polis tərəfindən ələ keçirilib. Onun oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyaları və pul vəsaitlərinin bir qismini Yasamal rayonunda yaşadığı mənzinin tavanında gizlətdiyi məlum olub. Özü də açıqlamasında bunu etiraf edib.
"Masallı Niyaməddin" kimi tanından şəxs dəfələrlə eyni cinayətə görə də həbs olunub. Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət İşi başlanılıb. Niyaməddin Əliyev məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.