"Saxlanma yerlərinin monitorinqi” layihəsi çərçivəsində Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində monitorinq aparmaq məqsədilə 02.05.2023-cü il tarixdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə Baş İnsan Hüquqları müşaviri Vladimir Şkolnikov, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Layihə Koordinatoru Rəşad Əliyev, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın və Qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri 4 saylı cəzaçəkmə müəssisəsinə baş çəkmişlər.
Başçəkmə zamanı qonaqlar qadın məhkumların saxlanma və məişət şəraiti ilə yaxından tanış olmuş, müəssisənin tibb-sanitar hissəsinə, kitabxanasına, eləcə də istehsalat sahəsinə baxış keçirmişlər.
Müəssisədə fəaliyyət göstərən müasir standartlara uyğun xalçaçılıq, toxuculuq və şirniyyat sexlərində qadın məhkumların hazırladıqları məhsullar böyük maraqla qarşılanmışdır.
Monitorinq çərçivəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, amnistiya və əfv etmə institutunun tətbiqi barədə qadın məhkumlara ətraflı məlumat verilmişdir.
Tədbirin sonunda qonaqlara məhkum qadınların hazırladıqları xalçalar hədiyyə edilmişdir.