
Qəbul imtahanlarında ali məktəblərə daxil olmaq üçün yetərli bal toplayıb, oxuya bilməyənlərin sayı kifayət qədərdir. Əsas problem isə maddi məsələlərdir.
Bəzlərinin paytaxta gəlib yaşamağa imkanı yoxdur, başqa biri isə ödənişli ixtisasa düşdüyü üçün təhsil haqqını ödəyə bilmir. Belələrindən biri də Suzannadır.
O, qəbul imtahanlarında 473 bal toplayıb. İndi Azərbaycan Dillər Universiteti və ya Bakı Slavyan Universitetində təhsil almaq istəyir. Amma vətəndaşlığı olmadığı üçün Azərbaycan vətəndaşları üçün nəzərdə tutulan pulsuz ali təhsil almaq hüququndan istifadə edə bilmir. 2500 manatlıq təhsil haqqını isə ödəmək imkanı yoxdur.
Suzannanın "Facebook" statusunu təqdim edirik:
“Rusiyanın Nijnevartovsk şəhərində anadan olmuşam. İki yaşım olanda biz Azərbaycana gəldik. Atam milliyətcə ləzgidir. O, Azərbaycan vətəndaşıdır. 8 yaşım olanda valideynlərim ayrıldı. Atam mənim bütün sənədlərimin itdiyini bildirərək doğum haqqında şəhadətnaməmi anama vermədi. Həmin vaxt iki il məktəbə gedə bilmədim. O vaxtdan atamdan xəbərim yoxdur. Anam milliyətcə başkırdır. O, vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında (BMT QAK) qeydiyyatdadır. Anamın şəxsiyyətini təsdiq edən etibarlı sənədi olmadığından mən indiyədək doğum haqqında təkrar şəhadətnamə və hər hansı ölkəyə vətəndaşlığımı təsdiq edən sənədlə təmin oluna bilməmişəm. Mən də vətəndaşlığı olmayan şəxs kimi BMT QAK-da qeydiyyatdayam.
Bu il orta məktəbi bitirdim. Maddi vəziyyətimiz imkan vermədiyi üçün evdə hazırlaşdım, universitetə qəbul olmaq üçün BMT QAK-ın himayə sənədi ilə imtahan verdim və 473 bal topladım. Azərbaycan Dillər Universiteti, yaxud da Bakı Slavyan Universitetində təhsil almağı planlaşdırıram. Lakin vətəndaşlığı olmayan şəxs olduğum üçün mən Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan pulsuz ali təhsil almaq hüququndan istifadə edə bilmirəm. Belə ki, mövcud qanunvericiliyə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil ala bilərlər. Hal-hazırda, mənim təhsil haqqımı ödəmək üçün maksimum 2500 manat pula ehtiyacım var. Anam həmin məbləğdə pulu ödəmək iqtidarında deyil. Mən təhsil haqqıma yardım etmək məqsədilə bir beynəlxalq təşkilata müraciət etdim. Onlar mənə imtina cavabı verdilər.
Bu səbəbdən də üzümü sizə tuturam. Aşağıdakı bank hesabına pul köçürməklə mənə yardım edə bilərsiniz.
Bank Respublika, hesab nömrəsi: 380194400203391401
Hamıya çox təşəkkür edirəm".
Artıq sosial mediada Suzannaya yardım kampaniyası başlayıb. Biz də "Qaynarinfo" olaraq onun təhsil almaq istədiyi universitetlərlə əlaqə saxlayıb hər hansı bir güzəştin edilib-edilə bilməyəcəyini öyrənməyə çalışdıq.
Azərbaycan Dillər Universitetindən bildirildi ki, bu birbaşa rektorun verə biləcəyi qərar olduğundan Suzanna ərizə ilə rektorun qəbuluna getməlidir.
Bakı Slavyan Universitetinin prorektoru Əbülfəz Nağıyevin də cavabı eyni oldu: "Bu birbaşa rektorun verə biləcəyi qərar olduğundan o, ərizə ilə rektorun qəbuluna getməlidir”.
Nərmin Həsənli
Qaynarinfo.Az