
Göyçay rayonunda yanğın hadisəsi baş verib. Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16:30 radələrində Göyçayın Ləkçiplaq kəndində qeydə alınıb.
Kənd sakini, 1972-ci il təvəllüdlü İsmayılov Nadir Paşa oğluna məxsus ümumi sahəsi 200 kvadratmetr olan 5 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə barədə yanğından mühafizə hissəsinə gec məlumat verildiyi üçün evi alovdan xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində ev və içindəki məişət əşyaları tamamilə yanaraq yararsız hala düşüb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hazırda yanğınsöndürənlər hadisə yerindədir. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Qaynar.info