Universitetlərə qəbul olunduqdan sonra müxtəlif təqaüd proqramlarından yararlanmaq şansı yaranır. Dövlət tərəfindən verilən akademik və Prezident təqaüdləri ilə yanaşı, bəzi nazirliklər, şirkətlər və ali təhsil müəssisələri də yüksək nəticə göstərən və fəallığı ilə seçilən tələbələr üçün xüsusi təqaüd proqramları həyata keçirirlər.
Qaynarinfo xəbər verir ki, Modern.az saytı tələbə adını qazanan şəxslərin yararlana biləcəyi əsas təqaüdləri və onların şərtlərini araşdırıb.
Ödənişsiz əsaslarla universitetlərə qəbul olunan məzunlar ilk ildə 110 manat aylıq təqaüd alır, lakin bu təqaüd semestr imtahanından sonra tələbələrin akademik göstəricilərinə görə dəyişir. Belə ki, akademik göstəriciləri 91–100 bal olan tələbələr aylıq 200, 71–90 bal olan tələbələr 160, 51–70 bal olan tələbələr isə 110 manat təqaüd allırlar.
Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə əsasən, ölkə Prezidentinin "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq hər tədris ilinin əvvəlində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və ali məktəblərə daxil olan tələbələrə Prezident təqaüdü verilir. Azərbaycan ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.
SABAH təqaüdü
Bundan başqa, SABAH qruplarında təhsil alan bütün tələbələr SABAH qruplarındakı ilk təhsil semestrində 50 manat məbləğində təqaüdlə təmin olunurlar. Növbəti semestrlər üzrə təqaüdün verilməsi "SABAH layihəsi (qrupları) tələbələrinə məqsədli SABAH təqaüdünün təyin edilməsi və ödənilməsi Qaydası”na əsasən müəyyənləşdirilməklə 50 manat (həvəsləndirici) və 70 manat (əlaçı) məbləğində təqaüdlə təmin olunurlar.
Kənd təsərrüfatı tələbə təqaüdü
Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə aqrar təhsilə marağın artırılması üçün univesitetə kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla qəbul olunan tələbələrə əlavə təqaüd verilir. Bu təşəbbüsə əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 600 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd verilir.
Azercell-in "Tələbə Təqaüdü Proqramı”
Azercell də təhsil alan və akademik fərq nümayiş etdirən tələbələri təhsilə daha çox həvəsləndirmək üçün "Tələbə Təqaüdü Proqramı” müsabiqəsi keçirir. Şirkət "Tələbə Təqaüdü Proqramı”na seçilmiş 10 tələbəyə aylıq 300 manat məbləğində təqaüd təqdim edir. İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik, Biznes Analitikası, Data Elmi, Marketinq sahələri üzrə Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində bakalavr təhsili alan sonuncu iki kursun tələbələri bu proqrama müraciət edə bilərlər. Namizədlərin son iki kurs qiymətləri A və ya B olmalıdır.
SOCAR təqaüdü
SOCAR təqaüdü Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrində siyahısı bu proqramda verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrinə müəyyən olunmuş tələblərə müvafiq qaydada verilir. Təqaüd müsabiqə keçirilən tədris ilinin sentyabr-iyun ayları (10 ay) üzrə verilir. Təqaüdün aylıq məbləği 100 manat təyin olunub. Təqaüd tələbələrin seçilməsi üzrə SOCAR-ın Müsahibə Komissiyasının keçirdiyi müsahibədən müvəffəqiyyətlə keçən tələbələrə verilir.
Universitetlərin daxili təqaüdləri
Bunlardan başqa bəzi universitetlərin daxili təqaüd proqramları da var. Buraya universitetə qəbul göstəricilərinə və tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüdləri misal göstərmək olar.
Şərhlər