Xəbər lenti

“5+1”-də Aqşin Evrən: “Bir də gördük ki, insanlar küçədə boğulub ölürlər...”
Ölkə06:12 01.02.2021

“5+1”-də Aqşin Evrən: “Bir də gördük ki, insanlar küçədə boğulub ölürlər...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo saytı bu gündən yeni layihəyə başlayır. 
Həftənin bazar ertəsi oxuculara təqdim olunacaq "5+1 Formatı” adlanan layihədə  ötən həftənin önəmli mövzularından toplanmış 5 sual ilə müxtəlif sahələrdə çalışan şəxslərdən bu mövzulara yanaşmalarını öyrənəcəyik. 
Layihənin ilk qonağı şair Aqşin Evrənin suallara cavabını təqdim edirik:
1. Şuşada məktəb, yoxsa ermənilərə göz dağı?
 - O gün saytların birində forum gördüm. Bir qız yazmışdı ki, MHP bu yolla Azərbaycanda ülkü ocaqları adı altında millətçi mərkəz yaradacaq. 28 ildir ermənilər Şuşada hər cür əxlaqsızlıq eləmişdi, xətirlərinə dəymədi, MHP Üzeyir bəy adına məktəb açacaq deyə, vay-şüvən qoparıblar. İkinci bir tərəfdən, MHP-nin Azərbaycanda mərkəz yaratması üçün Şuşada məktəbə ehtiyacı varmı? İstənilən yerdə bunu edə bilər və nə bilirsiniz etməyib? Üçüncüsü, millətçi mərkəz yaratması heç nəyi dəyişməyəcək, Azərbaycan polietnik və çoxkonfessiyalı dövlətdir. Görünür, Türkiyə qorxusu təkcə ermənilərin canına yeriməyib. Amma bəzilərinin "özünülezvalama siyasəti” əbəsdir: Azərbaycan-Türkiyə birliyi, bağlılığı bundan sonra yüksələn xətlə inkişaf edəcək. Regionda altıtərəfli format yaradılır. Belə bir durumda – Rusiya, İran və Ermənistanın olduğu ortamda Azərbaycanın yanında Türkiyə kimi bir ölkənin olması iqtisadi perspektiv baxımdan bizim əhalinin də maraqlarına cavab verir.
2. İntiharlar - seçimdir, ya zərurət?
- Artıq ikinci ilinə keçdiyimiz pandemiya insanları təkcə bioloji olaraq virusa yox, həm də psixoloji olaraq ümidsizliyə yoluxdurdu. Bu isə gələcəyə ümidlə baxan, ölümsüzlüyün, iqtisadi rifahın yaxın olduğunu düşünən insanlıqda şok effekti yaratdı. Təsəvvür edin, insanlıq xərçəngin müalicəsini tapacağını düşündüyü bir vaxtda daha ölümcül bir xəstəliklə qarşılaşdı. Bir də başımızı qaldırıb gördük ki, insanlar küçədə getdikləri yerdə boğulub ölürlər. Qəribədir ki, bu vaxta qədər dünya tarixində azı 10 pandemiya olub və bunlardan ən dəhşətlisi XIV əsrdə Avropada yaşanıb. Müxtəlif mənbələrdə bu vəba səbəbindən 25-75 milyona yaxın insanın öldüyü bildirilir. Nəzərə alaq ki, o dövrdə dünya əhalisinin sayı təxminən 400-500 milyon idi. Yəni 10-dan çox pandemiyaya, ölümlərə rəğmən, hələ də koronavirusun varlığına inanmayanlar oldu. Bəla budur ki, vaksinə də inanmayanlar mövcuddur. Bunun da səbəbi virusla bağlı yanlış siyasət yürüdülməsidir. Bu yanlış siyasətin nəticəsi kimi də 21-ci əsr insanı dəhşətli bir ümidsizliyə qapılıb. Xüsusən Azərbaycan kimi ölkələrdə bu, daha dərin qatlarda müşahidə edilir. Bizdə intiharların artmasının səbəbi insanların düşdüyü dərin ümidsizlikdən qaynaqlanır. Ümidsizliyin əsas səbəbləri isə aydındır - işsizlik, kredit borcları, 30 manatlıq dərmanın 300 manata satılması, 1 ildir evinə 1 qəpik gəlməyən adamın maska burnundan düşüb deyə 100-200 manat cərimələnməsi və s. İndi bu cümlənin astarını çevirim: vətəndaş görür ki, evdəki maddi qayğılar onun üstünə gəlir, bank üstünə gəlir, səhiyyə sistemi üstünə gəlir, polis üstünə gəlir. Belə olan halda çıxış yolu qalmır. Bəziləri intiharların maddi qayğıdan qaynaqlanmadığını deyirlər. Bayağı bir əsas da gətirirlər ki, Skandinaviya ölkələrində həyat səviyyəsinin yaxşı olmasına baxmayaraq, orda da insanlar intihar edir. Siz mənə Azərbaycanda kefindən intihar edən bircə milyonçu, milyarder göstərin. Hansısa milyonçu intihar edibsə, demək, onun başına silah dirəyib buna məcbur ediblər. Yəni bizdə kef çəkən heç kim intihar etmir. İntiharların üzdəki səbəbləri başqa ola bilər, amma nüvəsində maddi qayğılar, sosial problemlər dayanır. Ümid edək ki, pandemiyadan sonra iqtisadi yüksəliş olacaq, işğaldan azad edilən ərazilərdə yeni iş yerləri açılacaq. Hə, bir də onu deyim ki, əgər Vətən müharibəsi baş verməsəydi, intiharların sayı ikiqat olardı. 
3. Cəmiyyətdə şiddət olayları... Məsələn, qayınatanın öz gəlinini doğraması... 
- Sözsüz ki, dəhşətli hadisədir. İnsanı öldürmək, sonra isə onu müxtəlif hissələrə ayırmaq, dərisini soymaq, zibilliyə atmaq – bunu heç 3 ay əvvəlki müharibədə erməni hərbçiləri belə etməyib. Hər belə hadisədən sonra mətbuat və televiziya kanalları silsilə maarifləndirmə kampaniyaları həyata keçirməlidir. Mən maarifləndirmə deyəndə "ay adam, o insanı doğramaq olmaz” deməyi nəzərdə tutmuram. "Domokl qılıncı”nı nəzərdə tuturam. İnsanlar başa düşməlidirlər ki, onlar heç bir halda polisdən qaça bilməyəcəklər və sərt şəkildə cəzalandırılacaqlar. Mən cinayətkar təfəkkürlü insanları "cinayətkarcasına” maarifləndirməyin tərəfdarıyam. Bəzən deyirlər ki, hər şey təhsildən qaynaqlanır. Təbii, təhsil sistemi insanların yetişdirilməsinə rol oynaya bilər, amma məncə, hər şey ən başlıcası ailədən qaynaqlanır. Ailədə terrorçu kimi yetişmiş uşağa məktəbdə zorla həndəsə öyrətsən, o, uzağı savadlı terrorçu olacaq. Və qurbanını daha dəqiq həndəsi ölçülərlə doğrayacaq. Orta əsrlər Avropasında humanizm meyillərinin artdığı vaxtda insanları tonqalda yandırırdılar. Yaxud orta əsr Fransa maarifçiliyinin dünyaya ağıl öyrətdiyi bir vaxtda Fransa Afrikada yüz minlərlə insanı qırırdı. Yəni problemi tələm-tələsik təhsilin üstünə atıb, qaçıb gizlənmək olmaz. Bir də bizdə hadisənin yaranma səbəblərindən çox, kənar təfərrüatlara fokuslanırlar. Məsələn, deyirlər ki, cəmiyyətimiz korlanıb, insanlar doğranmış qadının meyitinə baxmaq istəyir. Bu boyda dəhşətin fonunda bu, mənasız detaldır axı. Cəmiyyət korlanıb deyəndə ki, bu meyitə, şiddətə baxmaq minillərdir insanlığın canında olan bir şeydir. Eradan əvvəl qladiator döyüşlərində insanlar toplu halında yığışıb bir insanın digərinin başını əzməsinə tamaşa edirdilər. Və ya çağdaş Avropada meyitlərin, skeletlərin sərgiləndiyi xeyli muzey var. Yəni məncə, bizim fokuslanmalı olduğumuz detallar lap dərindədir. Məsələn, bir insan necə və niyə vəhşiləşir ki, çarəsiz bir qadını doğrayır? Fikrimcə, ölkənin ideoloqları, sosioloqları cəmiyyətin üzərində ciddi şəkildə işləmək üçün konsepsiya hazırlamalıdır. 
4. Siqaret cibə ziyan etsin, ya sağlamlığa? 
- Siqaretin bahalaşmasının nəticə verəcəyini düşünmürəm. Mən təxminən üç ildir ki, siqareti atmışam, heç yadıma belə düşmür. Amma atmağımın səbəbi siqaretin qiyməti yox, zəhlətökən qoxusu, həyat fəaliyyətimi məhdudlaşdırması (yorğunluq gətirirdi mənə) və siqaret çəkmə prosesinin mənasız olmasını başa düşməyimdir. Siqareti bahalaşdırmaqla onu çəkənlərin sayını azalmaq mümkün deyil. Bu, əks-effekt verəcək: insanlar daha ucuz siqaretlər çəkəcəklər və belədə sağlamlıqları daha çox zərər görəcək. Əksər insanlar inanır ki, siqaret onun əsəblərini sakitləşdirir, əhvalını düzəldir, problemlərini unutdurur. İndiki halda insanların "dərmanı”nı əlçatmaz etmək olmaz. 
5. Masallı baş həkiminin xəstələrin qanını satmasının yaratdığı assosiasiya... 
- Məncə, səhiyyə sistemimizdə bundan da dəhşətli faktlar var. Bu, təxminən, Birinci Qarabağ müharibəsində əsir düşmüş soydaşlarımızın orqanlarının xaricə satılması kimi bir şeydir. Bir ölkənin səhiyyəsində problem olması ordusunda problem olmasından daha dəhşətli bir şeydir. Çünki ordunun da sağlığı səhiyyənin əlində olur. Təbii, bizim çox gözəl həkimlərimiz var, özü də sayları az deyil. Lakin bəzi strukturlarda naşı adamların idarəetmədə olması o sahəni ümumilikdə iflic edir. 
5+1. Bu 5 mövzunu bir-birinə bağlayın...
- Haqqında danışdığımız bu 5 mövzu təkcə bizim cəmiyyətin bugününü yox, həm də gələcəyini müəyyən edən detallardır. Postmüharibə və postpandemiya dönəmində biz bütün ölkə olaraq "Böyük qayıdış”dan çox, "Böyük xilas” uğrunda çalışmalıyıq. Etiraf edək ki, cəmiyyətimizdə, elə özümüzdə də boşluqlar, çatışmazlıqlar çoxdur. Bu, bəzi məqamlarda özünü daha faciəvi şəkildə göstərir. Ağır dönəmdən keçirik. İnsanlarımız bir-birilərinə qarşı daha diqqətli olmalı, sevgi və hörmət çərçivəsində yanaşmalıdırlar. Güclü cəmiyyət qurmağın yolu sevgi və hörmət çərçivəsində insani münasibətlərdən keçir.
Günay İlqarqızı