
54 yaşlı kişini öldürən orta məktəb şagirdinin məhkəməsi başlayıb.
Qaynar.info xəbər verir ki, Bakı Ağır cinayətlər məhkəməsində Xızı rayon sakini Elnur Heybətovun (1999-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Ötən il oktyabrın 13-də daxil olan məlumat əsasında Xızı RPŞ və prokurorlug əməkdaşları Xələnc kəndində yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan kənd sakini Xasməmməd Rəsulovun (1960-cı il təv.) meyitini aşkar ediblər. Elə həmin gün şübhəli şəxs qismində kənd məktəbinin 8-ci sinif şagirdi Elnur Hümbətov saxlanılıb.
İstintaqın gedişatında məlum olub ki, Rəsulovun və Heybətovun mübahisəsi öncə məktəbin həyətində başlayıb. Xasməmməd Elnurun anasının ünvanına nalayiq sözlər işlədib, onları ərazidə olan məktəblilər ayırıblar. Dərsdən sonra Elnur öz evinə gedərək mətbəx bıçagı götürüb və Rəsulovun yaşadığı vaqon tipli evə gəlib. Qapının qarşısında Xasməmmədən onu hansı səbəbdən vurmasını soruşduqda, sərxoş vəziyyətdə olan Rəsulov təkrarən onun anasını nalayiq sözlərlə təhqir edib. Əsəbiləşən yeniyetmə qəflətən bıçaqla ona üç zərbə vurub, aldığı xəsarətlərdən Rəsulov yerindəcə keçinib.
Qeyd edək ki, Əfqanıstan müharibəsi veteranı olmuş Xasməmmədin yaxınları istintaq zamanı iddia ediblər ki, onu yatmış vəziyyətdə qətlə yetiriblər.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmə tərkibi elan edilib.
Məhkəmə baxışı yanvarın 22-nə təyin olunub.
Qaynar.info






