Xəbər lenti

“7 Hills” vətəndaşlara vədlər verir - FOTOLAR
Ölkə13:25 27.08.2015

“7 Hills” vətəndaşlara vədlər verir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tikintisi yarımçıq saxlanılan “7 Hills” yaşayış kompleksinin eyniadlı şirkətdən narazı olan müştəriləri bu gün yenidən firmanın “Globus Plaza”dakı ofisinin qarşısında toplaşıb.

Qaynar.info virtualaz.org-a istinadən bildirir ki, müştərilər artıq imtina ərizəsi yazsalar da onlara vəd edilən pul geri qaytarılmayıb. Şirkət buna görə onlara dəfələrlə söz verib, amma heç bir ödəniş olmayıb.

Adının çəkilməsini istəməyən müştərilərdən biri dedi ki, o, bu şirkətdən ev almaq üçün mart ayında müqabilə imzalayıb. Lakin daha sonra Beynəlxalq Bankla yaranan problem üzündən evin tikintisi başlamayıb və o, may ayında imtina ərizəsi yazıb: “Biz Beynəlxalq Banka arxayın olduq, ona görə ev aldıq. Müqavilə imzalayanda bizə bildirmişdilər ki, mənzillər 2017-ci ildə hazır olacaq. Biz 50 min manat ilkin ödəniş etmişik və hər ay 1800 manat pul ödəmişik. Ümumilikdə təxminən 180 min manat pul edir. Amma şirkətdən bizə deyirlər ki, evin təhvil verilmə vaxtı başa çatana qədər ödənişə davam edək, 2017-ci ildə hazır olmasa, onda guya bizə başqa ev verəcəklər”.

Aldadılmış müştərinin sözlərinə görə, şirkətin belə problemi olmağına baxmayaraq onlar ev satmaqda davam edir: “Bir dəfə başqa adla zəng elədim ki, ev almaq istəyirəm. Onlar da mənə ev satmağa çalışdı. Xəbərdarlıq etmədilər ki, hazırda Beynəlxalq Bankla problem yaşayırlar və evlərin tikintisi ləngiyir”.

İmtina ərizəsi yazmayan müştərilərin vəziyyəti isə daha qəlizdir. Belə ki, onların sözlərinə görə, müqavilədə yazılıb ki, imtina ərizəsi yazılsa, ilkin ödəniş geri qaytarılmır. Digər tərəfdən isə imtina ərizəsi yazılmayıbsa, gərək aylıq ödəniş şərtinə əməl olunsun, əks halda faiz hesablanır.

Şirkətin digər müştərisi Fariz Ağalarov deyir ki, nə olmayan evə görə pul ödəmək, nə də ərizə yazmaq istəyir: “Sadəcə gözləyirəm ki, pulumu geri qaytarsınlar. Hələ ki, məhkəməyə müraciət etməmişəm, sadəcə gözləyirəm”.

Şikayətçilər toplaşandan sonra şirkət nümayəndələri ilə danışıb dərdlərini bildirmək üçün ofisə qalxsalar da təxminən bir saatdan çox onları qəbul edən olmadı. Jurnalistlər isə ümumiyyətlə ofisə buraxılmadı.

Şirkət əməkdaşları müştərilərə bildirdi ki, onların müqavilə imzaladığı və görüşmək istədiyi şəxsin - Nicat Kərimlinin telefonuna zəng çatmır, ona görə də onunla əlaqə saxlamaq mümkün olmadı.

Qaynar.info