
Bu barədə Modern.az saytına açıqlama verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, onlardan biri Müslümov Osman Bakı şəhəri 98 saylı orta məktəbin məzunudur.
Osman Müslümov ilk təssüratlarını bölüşüb: Həyacanlı və sevincli olduğunu gizlətməyən Osman test imtahanından yüksək nəticə gözləyirmiş.
"Dəqiq 700 bal toplayacağıma inanmırdım, amma yüksək nəticə göstərəcəyimə həmişə əmin olmuşam. Çünki sınaq imtahanlarında hər zaman 600-dən yuxarı bal toplamışam”.
Osman bu nəticəni əldə etmək üçün 2 il "Araz” kurslarında hazırlaşdığını bildirib.
"Hazırda çox həyacanlıyam və sənədlərimi hara verəcəyimi düşünməmişəm. Xaricdə və ya Azərbaycanda oxumaq barədə də qərar verməmişəm”.
Osman onu ilk təbrik edənlərin yaxın dostları olduğunu bildirib.
Digər 700 bal toplayan abituriyent Mingəçevir şəhəri 7 saylı məktəbin məzunu Paşazadə Aytəndir.
Qeyd edək ki, IV qrupun imtahanları Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində aparılıb.
Qaynar.info