Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 8 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
Komitədən Qaynar.info-ya daxil olan məlumatda bildirilir ki, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamı dövlətin dinə qayğısının ən bariz nümunəsi kimi qiymətləndirib.
O bildirib ki, dövlət tərəfindən yalnız islam deyil, qeyri-islam təmayüllü dini icmalara da maliyyə vəsaiti ayrılır ki, bu da Azərbaycan xalqının dərin tarixi köklərə malik multikultural dəyərlərindən qaynaqlanır.
Komitə sədrinin birinci müavini eyni zamanda, dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 104 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 85-i isə islam dini icmasıdır. Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edirlər.
Qaynar.info