Bakının Nizami rayonu ərazisində yerləşən “8 km stadionu” “Bakcell Arena” adlanacaq. “Bakcell” və AFFA stadionun adının dəyişdirilməsi ilə bağlı razılığa gəliblər.
Qaynar.info AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, “Bakcell Arena”nın brendinq prosesinə yaxın vaxtlarda start veriləcək. Stadionun girişindən tutmuş tribunalara və soyunma-geyinmə otaqlarına qədər hər yer xüsusi brendinq planına uyğun olaraq yüksək səviyyədə tərtib olunacaq.
Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilib. Bakcell-in də milli tərəfdaşı olduğu FIFA U-17 qadınlararası DÇ Azərbaycan 2012-nin bir çox oyunu burada keçirilib. 11 min tamaşaçı yeri olan “Bakcell Arena” ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Tribunada ailə baxış və 17 skayboks VİP, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunma-geyinmə, məşqçilər, hakimlər, həkimlər, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir. Stadionun 400 avtomobil tutan dayanacağı var.
Müqavilənin maliyyə tərəfi kommersiya sirri olduğuna görə açıqlanmayacaq.