Xəbər lenti

8 Martın gələcəyi...
Ölkə11:14 06.03.2013

8 Martın gələcəyi...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadınların istəklərini yerinə yetirmək heç də asan deyil. Hərçənd ilk baxışdan elə görünür ki, onların istəkləri çox sadə və rahat yerinə yetirilə bilər. Hətta bu istəyin maddi yükünü  nəzərə almasaq belə, "ürəyə nüfuz edə bildikmi" kimi düşündürücü və narahat suallarla qarşılaşmalı oluruq. Qadın düşüncəsi qəliz və anlaşılmayan bir kateqoriyaya aiddir. Biz kişilərin adi qəbul etdiyi bir an onlar üçün bəzən ölüm-qalım məsələsinə çevrilir. Bu baxımdan qadın ürəyini oxumaq, onun inamını qazanmaq heç də bəsit deyil.

Düzdür aldatmaq mümkündür. Amma dərk etmək?..

Ən məşhur yazarlar, bilim adamları, hətta qüdrətli sərkərdə və dövlət başcıları belə qadını dərk etməkdə acizlik ediblər. Əslində qadınlar haqqında düşündüyüm fikrilər və şəxsi qənaətimlə başınızı qatmaq istəməzdim. Sadəcə qadınlarımızın mahiyyətinə varmadan önəm verdiyi 8 Mart gününə bir hədiyyə etmək istəyirəm. Təbii ki, bu hədiyyə qadınların xoşuna gəlməlidir. Ki, zərif cinsin nümayəndələri tərəfindən qınaq obyektinə çevrilməyim.

Dediyim kimi, biz kişilərin xoşuna gələn nəsə və yaxud hansısa söz qadınların tam əks-reaksiyası ilə üzləşə bilər. Ona görə fikirlərimdə maksimum ehtiyatlı olmağa çalışacağam.

Fikrimcə, biz azərbaycanlı kişilərin qadınlara münasibəti dəyişməlidir. Mentalitet anlayışı gözəldir və elə məqamlar var ki, aksioma kimi qəbul olunmalıdır. Amma bəzi qaydalar  istər-istəməz bizi qadınlarımızdan uzaqlaşdırmağa, küsdürməyə  hesablanıb.

Adını unutduğum avropalı bir sosioloq  Bakıda insanları müşahidə edəndən sonra təqribən belə bir cümlə işlətmişdi: “Azərbaycan qadınları müasirliyə və yeniliyə daha tez adaptasiya olunur, nəyiki kişiləri”.
 
Mən də bu fikirlə razıyam. Geyimindən tutmuş, özünü aparmağına qədər Azərbaycan qadını yenilikçi və müasir dünya ilə ayaqlaşır. Biz kişilər isə yox. Və problem də burdan yaranır. Təbii ki, mən avropalıların tətbiq etdiyi iyrənc “mədəni” pryomların Azərbaycanda təkrarlanmasının əleyhinəyəm. Amma bu priyomların hamısı iyrənc deyil axı. İyrənc olsaydı, qanunlarımıza niyə yazırdıq?  Və yaxud kağız üzərində qadına verdiyimiz hüquqları onlar tələb edəndə niyə həzm edə bilmirik? Niyə şiddətə, öldürməyə, təhqirə əl atırıq?

Niyə qadın işləmək istəyəndə, öz ayaqları üstündə durmağı deyəndə dərhal mentalitetimizin bəzi “qayda”ları yada düşür. Deməli, problem həm də biz kişilərdədi. Bir evdə, bir yastığa baş qoyan iki şəxsin bir-birinə inamsızlığı isə faciədir. Buna kişilər əhəmiyyət verməsədə, qadın hissiyatında, düşüncəsində dərin bir iz buraxır. Bu səbəbdən də boşanmalar, qadına şiddət və ailələrdə ölüm halları artır. Ən ağır hal budur ki, bu problemlər azalan yox, artan xətt üzrə gedir və bir çox gənc ailənin xoşbəxt gələcəyi adi və kiçik bir anlaşılmazlıqdan məhv olur. Ona görə bir daha təkrar edirəm: Azərbaycan kişisinin öz qadınına olan münasibəti dəyişməlidir ki, 8 Mart qadınlar gününün də  bir anlamı və gələcəyi olsun.

P.S.  8 Mart qadınlar günü münasibətilə Azərbaycan qadınlarını təbrik edirəm.

Şöhrət El-Dəniz