Xəbər lenti

Ağac cəlladı 12 min manat cərimələndi
Ölkə13:05 13.02.2014

Ağac cəlladı 12 min manat cərimələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

M.Rüstəmov küçəsində gecə ilə qırılan ağacların yerində yeni yaşıllıq zolağı salınıb 

Xətai rayonu ərazisində yaşıllıqların kütləvi şəkildə məhv edilməsi barədə “Yeni Müsavat” qəzetində dərc olunmuş məqalələr öz bəhrəsini verib. Belə ki, fevralın 12-də Xətai rayon İcra Hakimiyyətinin rəsmiləri sözügedən ünvana gələrək hadisə yerinə baxış keçiriblər. 

Məlumata görə, hətta Xətai rayonunun icra başçısı Razim Məmmədov şəxsən hadisə yerinə gəlib və bu akta sərt reaksiya verib. Daha sonra onlarla şəxsin iştirakı ilə ərazinin təmizlənməsi işlərinə başlanılıb. 

Ərazidə yaşayan sakinlərdən aldığımız məlumata görə, M.Rüstəmov küçəsi boyunca yerləşən ərazidə qırılmış ağacların yerində onlarla şam ağacı əkilib. Xətaidə rayon bələdiyyəsinin yerləşdiyi ünvanın qarşısında 10 ağacın kəsilməsi barədə faktları ictimailəşdirəndən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyindən əməkdaşımıza bildirilmişdi ki, əraziyə təkrar baxış keçiriləndən sonra kəsilən ağacların sayının 3 yox, 10 olduğu aşkarlanıb. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova musavat.com-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Xətai rayonu ərazisində reyd keçirilən zaman Xətai rayon M.Rüstəmov küçəsində yaş kök üstə diametri 24 sm olan 3 ədəd şam ağacının fiziki şəxs Yaşar Məmmədov tərəfindən qanunsuz olaraq kəsilməsi faktı aşkar edilib: “Buna görə də fiziki şəxs olan Yaşar Məmmədov 3600 manat cərimə edilib. Sonradan yenidən araşdırma aparılıb və məlum olub ki, 3 ağac yox, 10 ağac kəsilib. İlk araşdırmada kəsilmiş digər 7 ədəd ağacın tapılmama səbəbi isə onların üzərinin torpaqla örtülməsi olub. Ümumilikdə 10 ağacı qanunsuz olaraq kəsdiyi üçün Yaşar Məmmədov 12000 manat cərimə edilib”.

Ancaq zolağın digər hissəsində kəsilən 20-dək ağacın yerində artıq 4 mərtəbəli bina tikilib. Maraqlıdır, bu qanunsuzluqla bağlı qərar nə olacaq? Kəsilən 30-40 illik şam ağaclarının əvəzinə əkilmiş pöhrələrin isə böyüyüb-böyüməyəcəyini demək çətindir. Sakinlər deyir bu, sadəcə gözdən pərdə asmaq üçündür və bir müddət sonra həmin ünvan mənimsəniləcək./musavat.com