ABŞ Ədliyyə Nazirliyi Rusiya əleyhinə tətbiq olunan sanksiyaların icrasına və Kremlə yaxın olan oliqarxların cəzalandırılmasına nəzarət edən işçi qrupunu buraxır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Əvvəllər açıqlanmayan baş prokuror Pem Bondinin xidməti qeydinə əsasən, "KleptoCapture" adlı işçi qrupu ləğv ediləcək. Hazırda sanksiyaların icrasına və oliqarxların aktivlərinin müsadirə edilməsinə yönəldilən resurslar kartellərlə mübarizəyə istiqamətləndiriləcək.
"Bu səylər, prezident-demokrat Co Baydenin administrasiyası dövründə başlandı və Rusiya prezidenti Vladimir Putinin varlı tərəfdarlarının maliyyə imkanlarını məhdudlaşdırmaq və sanksiyaların pozulmasına, həmçinin ixrac nəzarətinin aşılmasına kömək edənləri cəzalandırmaq məqsədi daşıyırdı. Bu, Rusiyanın qlobal bazarlardan sıxışdırılması və Ukraynaya qarşı müharibə fonunda Moskvaya tətbiq olunan genişmiqyaslı sanksiyaların icrasını təmin etməyə yönəlmiş daha geniş tədbirlər paketinin bir hissəsi idi", – agentlik izah edir.
İşçi qrupunun araşdırdığı işlərin, çox güman ki, dayandırılmayacağı bildirilir. Lakin fəaliyyət artıq Ədliyyə Nazirliyinin mərkəzi qərargahında cəmlənməyəcək.
"Sanksiya altındakı oliqarxların sərvətlərinin qəfildən ABŞ-a axın etdiyini görəcəyikmi? Mən belə düşünmürəm. Amma məhz Rusiya ilə əlaqəli vasitəçilərə qarşı irəli sürülən ittihamların kəskin azalmasını müşahidə edəcəyik", – deyə, hazırda Steptoe hüquq şirkətində çalışan və işçi qrupunun ilk rəhbəri olan Endryu Adams bu dəyişiklikləri şərh edib.
İşçi qrupuna təyin olunan prokurorlar əvvəlki vəzifələrinə qayıdacaqlar. Dəyişikliklər ən azı 90 gün qüvvədə qalacaq, lakin onların uzadılması və ya daimi hala gətirilməsi mümkündür.
Finlandiyanın xarici işlər naziri Elina Valtonen isə bildirib ki, Rusiya iqtisadiyyatı çökür. O, Qərbin Rusiyaya qarşı sanksiyaları gücləndirməli olduğunu vurğulayıb ki, bu da Ukraynaya daha əlverişli sülh şərtləri əldə etməyə kömək edə bilər.
Qeyd edilir ki, Ukraynaya qarşı başlanmış müharibə bitdikdən sonra belə, Rusiyanın iqtisadi vəziyyəti daha da pisləşə bilər. Business Insider yazır ki, Moskva bir sıra iqtisadi problemlərlə üz-üzədir və onların həlli üçün xeyli vaxt tələb oluna bilər.
Alpər
Şərhlər