Dünya 22:45 19.08.2022

ABŞ B-52 bombardmançılarını Böyük Britaniyaya yerləşdirdi

ABŞ B-52 bombardmançılarını Böyük Britaniyaya yerləşdirib.

Qaynarinfo xəbər verir ki, "UK Defence Journal”ın məlumatına görə, təyyarələr "Fairford” Hərbi Hava Qüvvələri bazasına gəlməyə başlayıb, onların dəqiq sayı göstərilmir.

"Fairford” NATO-nun ehtiyat aerodromudur, ABŞ Hərbi Hava Qüvvələri ilə birgə istifadə edilir və B-52, B-2 bombardmançıları və U-2 kəşfiyyat təyyarələrini qəbul etmək qabiliyyətinə malikdir.

B-52H "Stratofortress” strateji qitələrarası bombardmançı təyyarəsi 1955-ci ildən ABŞ Hərbi Hava Qüvvələrində xidmətdədir. Təyyarə nüvə də daxil olmaqla müxtəlif növ silahları daşımaq qabiliyyətinə malikdir.

Qısa arayış: "Səhrada fırtına” əməliyyatı zamanı bütün silahların 40%-ni koalisiya qüvvələrinə B-52-lər çatdırıb. Təyyarə okeanda patrul etmək üçün effektivdir: iki saat ərzində bir cüt B-52 364.000 kvadrat kilometr səthi skan edə bilir. Təyyarə elektro-optik, infraqırmızı sensorlar və qabaqcıl istiqamətləndirici qurğularla təchiz oluna bilər.

Dörd ədəd B-52 bombardmançı təyyarəsi artıq ilin əvvəlində Böyük Britaniyaya yerləşdirilmişdi. Bundan sonra onlar Avropadakı digər NATO ölkələrinin hərbi hava qüvvələri ilə bir sıra birgə uçuşlar həyata keçiriblər.

ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı rəsmiləri fevral ayında izah etmişdilər ki, "bombardmançı təyyarələrin rotasiya qaydasında yerləşdirilməsi ABŞ-ın NATO müttəfiqləri və koalisiya tərəfdaşları qarşısında kollektiv təhlükəsizliyimizi və suverenliyimizi qorumaq öhdəliyini gücləndirir”.

Nizami Bağırov