Bir neçə gündür ABŞ-da yağan qar səbəbi ilə ölkənin müxtəlif ştatlarında ölənlərin sayı 85 nəfərə çatıb.
Qar çovğunu Azərbaycanın bəzi bölgələri üçün xarakterik hesab olunan təbii fəlakətlərdən hesab oluna bilər. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə qış aylarında qar çovğunları müşahidə edilir.
Bu təbii fəlakət isə həmin bölgələrdə yaşayan insanların gündəlik həyatına və təhlükəsizliyinə ciddi təsir göstərir. Güclü küləklə müşayiət olunan intensiv qar yağışı avtomobil hərəkətini çətinləşdirir, görmə məsafəsini azaldır və bəzi hallarda həyat üçün real təhlükə yaradır.
Qaynarinfo xəbər verir ki, mütəxəssislər belə hava şəraitində vətəndaşları diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Qar çovğunu güclü küləyin yağan və ya yerdə toplanmış qarı havaya qaldırması nəticəsində yaranır. Bu zaman görmə məsafəsi kəskin şəkildə azalır, temperatur daha aşağı hiss olunur və donma riski artır. Xüsusilə açıq ərazilərdə və magistral yollarda çovğun daha təhlükəli hesab edilir.
Mütəxəssislərin tövsiyələrinə görə, çovğun zamanı zəruri ehtiyac olmadıqca evdən çıxmaq məsləhət görülmür. Yaşayış evlərində pəncərə və qapılar möhkəm bağlanmalı, elektrik və qaz kəsintisi ehtimalına qarşı ilkin ehtiyat vasitələri hazır saxlanılmalıdır. Rəsmi qurumların hava ilə bağlı yaydığı xəbərdarlıqların izlənməsi xüsusi əhəmiyyət daşıyır.
Açıq havada qalmaq məcburiyyətində olan şəxslərə isə üz və əlləri soyuqdan qoruyacaq geyimlərdən istifadə etmək, tək hərəkət etməmək və mümkün qədər yaxın sığınacaq tapmaq tövsiyə olunur. Elektrik dirəkləri, köhnə tikililər və ağacların yaxınlığında dayanmaq təhlükəli hesab edilir.
Nəqliyyat idarə edən şəxslərə isə belə havalarda yola çıxmamaq tövsiyə edilir. Qıış təkərləri və zəncirlərdən istifadə vacib və həyat qurtaran amillərdən biri sayılır. Avtomobildə isti geyim, içməli su və ilkin tibbi yardım vasitələrinin olması tövsiyə olunur. Texniki nasazlıq baş verdikdə nəqliyyat vasitəsini tərk etməmək daha təhlükəsiz hesab edilir.
Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər qar çovğunu zamanı risk qrupuna daxildir. Onların evdə qalması və nəzarətdə saxlanılması tövsiyə olunur.
Mütəxəssislər bildirirlər ki, vaxtında görülən ehtiyat tədbirləri və təhlükəsizlik qaydalarına əməl edilməsi qar çovğunu ilə bağlı riskləri minimuma endirə bilər.
Günay
Şərhlər