"Uzra Zeya Tiflisə Dövlət Departamentinin təkliflərini gətirib".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi ekspert Qulamhüseyn Əlibəyli ABŞ dövlət katibinin müavini Uzra Zeyanın ayın ortalarında Tiflis və İrəvana olacaq səfərini şərh edərkən deyib.
Qulamhüseyn Əlibəylinin fikrincə, ABŞ bütün vasitələrlə çalışır ki, Cənubi Qafqazda möhkəmlənsin, burada cərəyan edən proseslərə təsir göstərə bilsin:
"Vaşinqtonun son dövrlər Ermənistanla Azərbaycan arasında münasibətləri nizamlanmaq cəhdləri də məhz bununla bağlıdır. Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeyanın Tiflisə olacaq səfəri Gürcüstandakı vəziyyətlə bağlı ola bilər. Gürcüstan hökuməti tərəfindən "Xarici agentlər haqqında" qanunun qəbulu xeyli ciddi problemlər yaradıb. O cümlədən, Vaşinqtonla Tiflis arasında münasibətlərin soyumasına gətirib çıxarıb. Yəqin ki, Uzra Zeya Tiflisə müəyyən təkliflərlə gəlir və yaxud Gürcüstanı hansısa təzyiqlərlə hədələyəcək".
Həmsöhbətimizə görə, ABŞ rəsmisinin Ermənistana səfəri isə sülh müqaviləsinin imzalanması ilə bağlı ola bilər:
"Yaxud da ABŞ-ın Ermənistanda həyata keçirmək istədiyi başqa bir layihə var. Hər halda hiss olunur ki, Vaşinqton son dövrlər xarici siyasətdə xeyli fəallaşıb, hər hansı bir uğurlu nəticə əldə etməyə çalışır. Bunu Bayden adminstrasiyasının seçki hazırlığı kimi də qiymətləndirmək olar".
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinkenin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Gürcüstana və Ermənistana səfər edəcək. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Məlumata görə, səfər iyulun ortalarında baş tutacaq.
Rüfət Sultan
Şərhlər