Xəbər lenti

“ABŞ İranı vuracaq” – Politoloq
Dünya 18:40 24.01.2024

“ABŞ İranı vuracaq” – Politoloq

"ABŞ-la İran üz-üzə gələrək, toqquşacaqlar”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ dövlət katibinin müavini Uzra Zeyanın Vaşinqtonun Yaxın Şərqdəki hərəkətlərinə görə İranı xəbərdar etdiyi barədə sözlərini şərh edərkən deyib: 

"İran Yaxın Şərqdə proksi qüvvələr vasitəsilə uzun müddətdir region ölkələri və burada marağı olan ABŞ və müttəfiqlərini təhdid edir. Bu proses İsrail - HƏMAS müharibəsinin başlanması ilə daha da şiddətlənib. Qırmızı dənizdə, İraq və Suriyada bir sıra obyektlərə zərbələr endirməsinin arxasında da İranın proksi qüvvələri dayanıb. Son zamanlar İraqın Ərbil şəhəri və Pakistana endirilən zərbələr isə İranın artıq prosesə tək proksi qüvvələrilə deyil, həm də birbaşa SEPAH vasitəsilə qatıldığının göstəricisidir. Onlar isə əsasən bölgədəki ABŞ hərbi bazalarını hədəf alırlar. ABŞ-da ona cavab olaraq İranın İraqdakı qüvvələrinin bazalarına aviazərbələr endirib. Bu mənada, Dövlət Departamenti sözçüsünün açıqlaması göstərir ki, Vaşinqton Tehranın özü və proksi qüvvələri vasitəsilə regionda vəziyyəti gərginləşdirməyə çalışdığının fərqindədir”. 
 


Ekspert qeyd edib ki, bu xəbərdarlıq İran üçün ciddi birsiqnaldır:

"Amma İran bu xəbərdarlıq fonunda geri çəkilməyəcək. Düzdür, İran müharibədən yayınmağa çalışacaq. Lakin münasibətlərin getdikcə kəskinləşməsi ABŞ və müttəfiqlərinin İranla üz-üzə gəlməsilə nəticələnəcək. Bir neçə gün əvvəl İsrail baş naziri Netanyahu bildirdi ki, "ilanın başı İrandır”. Yəni İran hədəfə alınmadan regionda daimi sülh mümkün olmayacaq. Bu mənada regionda böyük müharibə hələ irəlidədir. İndiki proseslər isə böyük müharibəyə gedən yolun bir hissəsidir”. 
Qeyd edək ki, ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Vaşinqtonun İranı Yaxın Şərqdə mövcud böhranı gərginləşdirə biləcək hərəkətlər barədə xəbərdar etdiyini açıqlayıb. "ABŞ dəfələrlə İrana və onun əlaltılarına daha geniş münaqişəyə səbəb ola biləcək hücumlara başlamaq üçün fürsətdən istifadə etməmələri barədə xəbərdarlıq edib. Biz İranın İraq və Pakistanda yerləşən bölgələrə hücumlarını pisləyirik”, - deyə xarici işlər nazirinin müavini bildirib. 
 
Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->