Xəbər lenti

ABŞ konqresmenləri Ukraynaya qarşı niyə
Dünya 19:07 22.02.2024

ABŞ konqresmenləri Ukraynaya qarşı niyə "qiyam" qaldırdılar? (ŞƏRH)

"Onların məqsədi ortalığı qızışdırmaqdır. Çünki prezident seçkiləri ərəfəsində əhali arasında Co Bayden hökumətinə qarşı mənfi rəy yaratmaq istəyirlər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli bəzi ABŞ konqresmenlərinin rəsmi Kiyevə hərbi dəstəyin kredit borcuna çevrilməsini, yaxud da Ukraynanın təbii sərvətləri hesabına ödənilməsini tələb etmələrini şərh edərkən deyib.

Qabil Hüseynli deyib ki, bu fikirləri ortaya atan respublikaçı konqresmenlərdir:

"Onsuz da Ukraynaya gələn silahların bir hissəsi, ölkəyə edilən maddi yardımla konpensasiya edilir. Yəni təkrar satışa çıxarılmaqla pulu ödənilir. ABŞ-ın Ukraynaya hələlik təsdiqlənməsi gecikən bu dəfəki yardımı daha yüksək həcmdə olmalıdır, yəni, 60 milyard dollardan çox". 
 


Həmsöhbətimiz qeyd edib ki, belə mövqe sərgiləməkdə respublikaçı konqresmenlərin məqsədi meydanı qızışdırmaqdır:

"Bundan istifadə edən respublikaçı konqresmen və senatorlar müxtəlif bəhanələri ortaya atmaqla meydanı qızışdırmağa çalışırlar. Məqsəd də  prezident seçkiləri ərəfəsində əhali arasında Bayden hökumətinə münasibətdə mənfi rəy yaratmaqdan ibarətdir. Amma Avropa ölkələri gözəl nümunə  göstərərək, ABŞ-dan fərqli olaraq, Ukraynanın maddi və silah təchizatı məsələsini öz üzərinə götürüb. Onlar yaxşı anlayırlar ki, qudurmuş Putin  rejiminin vaxtında başı əzilməsə, Avropanı, hətta Amerikanın özünü də ciddi təhlükələr gözləyir. Amerikalılar okeanın o tayında olduğundan elə bilirlər ki, bu təhlükə onlara aid deyil. Amma əslində  nüvə silahına malik ölkə üçün okeanların olması da maneə deyil". 

Ona görə də ekspert düşünür ki, bəzi respublikaçı konqresmenlərin qaldırdıqları məsələ yerinə yetirilməsi mümkün olmayan bir məsələdir:

"Müharibənin qızğın vaxtında verilən silahların əvəzində Ukraynanın təbii sərvətlərinin göndərilməsi də olduqca əzablıdır. Zənnimcə, bu məsələni artıq həll edərək, qaydaya salıblar. Yəni ABŞ-ın yardımı da davam edəcək". 

Qeyd edək ki, Konqresdə Ukraynaya yardımın verilməsini əngəlləyən bəzi ABŞ konqresmenləri rəsmi Kiyevə hərbi dəstəyin kredit borcuna çevrilməsini və yaxud da Ukraynanın təbii sərvətləri hesabına ödənilməsini tələb edirlər. Bu arada Avropa İttifaqı isə Rusiyanın "qoca qitə”yə gələcək hərbi yürüş üçün "keçid qapısı”nı artıq açmaq üzrə olmasından ciddi narahatlıq keçirir. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->