ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Şimali Atlantika Alyansından (NATO) çıxma ehtimalını istisna etməyib. Belə ki, "NBC News" telekanalına açıqlamasında o, Şimali Atlantika Alyansının avropalı tərəfdaşları öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımasalar, ABŞ-ın onun tərkibindən çıxacağı ilə hədələyib.
"Əgər onlar öhdəliklərini yerinə yetirsələr, təbii ki" deyə Tramp ABŞ-ın NATO-da üzvlüyünü saxlamaqla bağlı suala cavab verib. O vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq.
Qeyd edək ki, Tramp hələ birinci prezidentlik dövründə NATO üzrə müttəfiqlərdən maliyyə öhdəliklərini yerinə yetirməyi tələb edib. Tramp yenidən həmin tələbi irəli sürməklə NATO-nun saxlanılmasında əsas maliyyə mənbəyi olmaq niyyətinin olmadığını bir daha ortaya qoyur. Bununla o, Avropadakı müttəfiqlərə bir daha xatırladır ki, maliyyə öhdəliklərinə əməl etsinlər. Sirr deyil ki, NATO-dakı dövlətlərin bir çoxu qurumun saxlanılması üzrə maliyyə öhdəliklərinə əməl etmir. Üzv ölkələrin müdafiə xərcləri ümumi daxili məhsulun ən azı 2 faizini təşkil etməlidir. İndiki halda ABŞ-ın qurumda müdafiə xərcləri onun ümumi daxili məhsulunun 4,8 faizini təşkil etdiyi halda, Almaniyanın 1,4, Belçikanın 1,1, Fransanın 1,9, İspaniyanın 0,9, Hollandiyanın 1,3, İtaliyanın 1,4, Latviya və Macarıstanın 1, Litvanın 0,8, Türkiyənin isə 1,9 faizdir. Tramp isə tələb edir ki, quruma üzv ölkələrin büradakı müdafiə xərcləri ÜDM-nin 2 faizindən az olmasın. Bu həddi keçən NATO ölkələri ABŞ-dan başqa Böyük Britaniya və Yunanıstandır. Bu mənada Trampın hədəsi başa düşüləndir. Çünki quruma üzv ölkələrin mütləq əksəriyyəti maliyyələşmə ilə bağlı üzərlərinə düşən öhdəliklərə əməl etmir.
Ağ Evin yeni sahibi də bununla çalışır ki, xərclər məsələsində Avropadakı müttəfiqlərin yükü artsın. Bu istiqamətdə ABŞ-ın yükünün azalmasına nail olub, yerdə qalan həmin vəsaiti daxili məsələlərin həllinə yönəltməyi düşünür.
Lakin Trampın əks halda NATO-nun ABŞ-sız qalacağı fikri heç bir halda reallığı əks etdirmir. Tramp hətta istəsə belə, bunu reallaşdıra bilməyəcək. Ətrafı belə ona buna getməyə imkan verməyəcək. Çünki ABŞ-ın NATO-dan uzaqlaşması qurumun sonu demək olacaq. Bu vəziyyət qurum daxilində çəkişmələrə də yol aça bilər. Belə vəziyyətdə NATO saxlanılsa da belə, onun nüfuzu və əhəmiyyəti xeyli dərəcədə azalacaq. Yaranmış fürsətdən NATO və ABŞ-a düşmən ölkələr birmənalı olaraq öz xeyirlərinə yararlana bilərlər. Çox güman ki, Tramp özü də bunu başa düşür və əslində ölkəsinin NATO-dan ayrılmasına da çalışmır. Tramp sadəcə olaraq bu kimi hədələrlə müttəfiqlərini məsuliyyətli olaraq, maliyyə öhdəliklərini əməl etməyə təhrik edir. Böyük ehtimalla hərbi blokdakı bir çox dövlərlər təzyiq altında Trampın tələblərinə əməl etmək məcburiyyətində qalacaqlar.
Rüfət Sultan
Şərhlər