Xəbər lenti

Abdin Fərzəliyevi Rusiya ilə nə birləşdirir? - ŞOK İDDİA
Ölkə11:18 18.03.2014

Abdin Fərzəliyevi Rusiya ilə nə birləşdirir? - ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Putinin Nərimanov rayon icra başçısına orden verməsinin gizli məqamları... 

Adı bir çox qalmaqallarda hallandırılan Nərimanov rayon İcra Hakmiyyətinin başçısı Abdin Fərzəliyevlə bağlı maraqlı faktlar ortaya çıxıb. Belə ki, ötən il ölkədə icra başçılarının "yarpaq tökümü" dövründə onun da adının vəzifədən çıxarılanlar arasında olması iddia olunsa da, bu proses hansısa səbəblərdən yubandı. Hətta mediada da məlumatlar dolaşırdı ki, Fərzəliyevin vəzifədə qalması uzun çəkməyəcək. Amma tam əksinə oldu. Fərzəliyev hələ də vəzifəsinin başındadır və Nərimanov rayonunda yaşananlar göz önündədir. 

Həmin ərəfədə Rusiya ilə Azərbaycan arasında gərginliyin olduğu da göz qabağında idi. Belə ki, Rusiyanın əsas təzyiq vasitələrindən sayılan "Milyarderlər İttifaqı" və Rüstəm İbrahimbəyov məsələsi ciddi müzakirə mövzusuna çevrilmışdi. Belə bir şəraitdə Rusiya prezidenti Vladimir Putin gözlənilməz qərar verdi. Rəsmi Moskva ilə Bakı arasında “soyuq küləklərin” əsdiyi bir zamanda Putin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevi "Dostluq" ordeni ilə təltif etdi. Bəlkə də, onun bu addımı Fərzəliyev üçün bir növ "xilas yolu" oldu. 

Bildiyimiz kimi nə Rusiya prezidentinin, nə də digər dövlət rəhbərinin Azərbaycanda icra başçısını dövlətinin ən yüksək ordeni ilə təltif etməsi təcrübəsi olmamışdı. Belə bir halda Fərzəliyevin mükafatlandırılması gizli nüanslardan xəbər verirdi və həmin səbəblərin nədən qaynaqlandığı sonralar da araşdırılmadı. Halbuki Abdin Fərzəliyev bu mükafatı aldığı ilə bağlı az qalmışdı ki, Nərimanov rayonunda atəşfəşanlıq və konsert proqramlar təşkil etsin. 

Əslində “Dostluq” ordeni sıradan hansısa kiçik məmurlara deyil, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində müstəsna rol oynayan kifayət qədər iriranqlı məmurlara verilir. Hətta indiyədək Azərbaycanda bu ordenlə təltif olunan şəxslər, çox iriranqlı və ya Rusiya ilə birbaşa əlaqəli adamlar olub. Bəs belə bir halda necə oldu ki, Rusiya prezidenti bu mükafatı Fərzəliyevə verdi? Bu haqda bir az sonra. Öncə Fərzəliyevin avtobioqrafiyasına nəzər salaq: 

"Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1974-84-cü illərdə orta Ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayan A.Fərzəliyev 1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Kimya-biologiya» fakültəsinə daxil olmuş, 1985-87-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmiş, 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər «Naxçıvan» qəzetinin müxbiri vəzifəsində çalışmışdır. 1993-cü ilin fevral ayından noyabr ayına qədər «Əlincə» Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləmişdir.

1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləmişdir.

1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir.

2001-2004-cü illərdə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olmuş, hal-hazırda da üzv kimi fəaliyyət göstərir.

2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və Bələdiyyə İdarəetməsi» fakültəsini bitirmişdir.

2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Evlidir. 2 övladı var".

Qaynar.info-ya daxil olan məlumata görə Abdin Fərzəliyevin Rusiya ilə əlaqələrinin altyapısında bəzi siyasi məqamlar dayansa da, azərbaycanlı məmuru Rusiyaya daha çox böyük biznes maraqları bağlayır. Bu biznes şəbəkəsinin kimlər tərəfindən idarə olunduğu ilə bağlı bəzi məlumatlar da mövcuddur. Amma kimlər tərəfindən kurasiya edildiyi hələ ki, bəlli deyil. Avtobioqrafiyasından da göründüyü kimi Abdin Fərzəliyev o qədər də böyük məmur sayılmır. Demək, burada siyasi məqamlar axtarmağa o qədər də ehtiyac yoxdur. Hazırda mövzu ilə bağlı araşdırmalarımız davam edir. İcra başçısını Rusiyaya bağlayan qaranlıq məqamları yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyik...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!

Cavid Əlisoy

Qaynar.info