Sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evində uşaqlara verilən günorta və axşam yeməklərinin fotoları ictimai arenada böyük rezonas doğurub.
Qaynarinfo xəbər verir ki, sözügedən fotoları təhsil eksperti Kamran Əsədov yayıb. Ekspert bildirib ki, həmin baxçada uşaqlar açından ölür:
"Bu, hansısa əsir düşərgəsində uşaqlara verilən qida deyil, bu, Şabran şəhər 1 saylı körpələr evində uşaqlara verilən günorta və axşam yeməyidir. Vicdanınız olsun, bəsdir dövlət büdcəsindən oğurladınız. Uşaqlar acından ağlayır. Nə qədər uşaqların yeməyini oğurlamaq olar? Bu yeməyi öz övladlarınıza rəva görərsiniz?”
Məsələ ilə əlaqədar Şabran şəhər 1 saylı körpələr evinin direktoru Lalə Qədəşova ilə əlaqə saxladıq. Direktor hazırda həmin fotolarla bağlı araşdırma apardığını bildirib:
"Mən anlaya bilmirəm ki, bu, nə fotolardı? Sizə körpələr evində uşaqlara verilən yeməklərin fotolarını atıram. Özünüz müqayisə edin. Anlaya bilmirəm ki, bu dayə niyə belə edib? Qrupun sanitar dayəsi Aybəniz Osmanova bununla bağlı izahat yazıb. İzahatında bildirib ki: "Hər gün yeməkləri mətbəxdən mən aparıram və tərbiyəçinin köməyi ilə paylayırıq. Bu gün səhər yeməyi yumurta, çörək, şirinçay, günorta yeməyi ağ toyuq əti, axşam vermişel sıyığı olub”. Bu məsələ araşdırılmalıdır”.
Bahar Rüstəmli