
ABŞ Senatı Azərbaycan və Ermənistan səfirlərinin namizədliyinə baxıb
Sentyabrın 17-də ABŞ Senatının xarici əlaqələr komitəsində Robert Sekutanın Azərbaycan səfiri postuna namizədliyi ilə bağlı dinləmə keçirilib.
Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini Robert Sekutanın namizədliyi iyul ayında irəli sürülüb.
O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.
“Azadlıq” radiosunun məlumatına görə, 17 sentyabr dinləməsində çıxış edən Robert Sekuta deyib: “Azərbaycan çox çətin bir qonşuluq şəraitində yaşayır. Bu ölkə təhlükəsizliyi və sabitliyi qoruyub saxlamalıdır. Ancaq bunu yalnız hüququn aliliyi, insan haqları və fundamental azadlıqlar daxil olmaqla, demokratik prinsiplərə güclü şəkildə sadiq qalmaqla həyata keçirmək olar. Təsdiqlənsəm, azərbaycanlılarla, onların istədiyi, layiq olduğu güclü demokratiyanın və iqtisadiyyatın qurulması üçün fasiləsiz olaraq işləyəcəyəm.
Enerji və təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirdiyimiz kimi Azərbaycan hökuməti ilə demokratik institutların və proseslərin irəli aparılması, hüququn aliliyinin gücləndirilməsi üçün də işləməliyik”.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Robert Sekuta deyib ki, ancaq danışıqlarla əldə olunan həll regiona uzunmüddətli sülh və sabitlik gətirə bilər.
“Amerikanın səsi” xəbər verir ki, Robert Sekuta ABŞ-ın Azərbaycanla bağlı siyasətində təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq və demokratik islahatların mühüm amillər olduğunu bildirib. O, səfir kimi təsdiq olunacağı təqdirdə təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə çalışacağını deyib.
Robert Sekuta demokratik təsisatların və qanunun aliliyinin gücləndirilməsi istiqamətində də birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb: “Demokratiyalar müstəqil ədliyyə sistemini gücləndirdikdə, qanuna, azad mediaya, fəal vətəndaş cəmiyyəti, plüralizm, rəqabət, demokratik seçki prosesi və insan hüquqları, sərbəst toplaşma və birləşmə hüququ, eləcə də ifadə və din azadlıqlarına hörmət olunduğu halda çiçəklənir”.
“Azadlıq” radiosunun məlumatına görə, Ermənistanda səfir postuna namizəd Riçard Mills də dinləmədə proqramını açıqlayıb. O deyib ki, ABŞ-ın Ermənistan siyasətinin məqsədi qonşularla sülh şəraitində yaşayan, azad və çiçəklənən Ermənistanın olmasıdır: “Bu məqsədə nail olmaq Ermənistana bu sahələrdə köməkdən keçir – demokratiyanın gücləndirilməsi və korrupsiya ilə mübarizədə, iqtisadiyyatın liberallaşdırılmasında, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, Minsk qrupu prosesi ilə həllində, erməni xalqının əzablarının tam, səmimi və ədalətli etirafı fonunda qonşusu Türkiyə ilə barışmasında.
Biz Ermənistanın bəzi son qərarlarından narazılığımızı aydın bildirmişik. BMT Baş Assambleyasında Ukraynanın suverenliyi və ərazi bütövlüyü əleyhinə Rusiya ilə birlikdə səs verməsi də bu qərarlar içindədir. Ancaq ABŞ hökuməti Ermənistanla güclü ikitərəfli münasibət saxlamaq öhdəliyinə sadiq qalır.
Ermənistan ötən ilin sentyabrında Avropa Birliyi ilə azad ticarət zonasına dair danışıqları dayandırmaq və Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqına qoşulmaq qərarı onu göstərib ki, Ermənistanın regional təcridi azaldılmalı, iqtisadi və təhlükəsizlik baxımından müstəqilliyi gücləndirilməlidir”.
Riçard Mills Türkiyə-Ermənistan barışığına doğru cəhdlərin də vacib olduğunu vurğulayıb: “Çünki Birləşmiş Ştatlar və dünya gələn il 20-ci əsrin ən pis vəhşiliklərindən birində, 1 milyon yarım erməninin qırğınının 100 illiyində erməni xalqı ilə həmrəy olacağıq. Bu faciəvi ildönümü yaxınlaşarkən Türkiyənin Ermənistanla faktların tam, səmimi və ədalətli etirafı istiqamətində işləməsi vacibdir”.
Qaynar.info