Abşeron polisi Xırdalan şəhərində qonşularına qənim kəsilən dələduzu yaxalayıb. Axar.az xəbər verir ki, İradə Hüseyn qızı Qədirli Xırdalan şəhəri, 26-cı məhəllədə yaşayan qonşularını ev tikmək və övladlarını kollecə qəbul etdirmək bəhanəsi ilə aldadaraq onların külli miqdarda pulunu mənimsəyib.
O, keçmiş qonşusu Günay Surxay qızı Vəliyevaya oğlunu kollecə düzəltməyə söz verib və bunun üçün ondan 3200 manat alıb. Həmin məhəllədə yaşayan başqa bir qonşusu, Ramidə Yusif qızı Əhmədovadan isə 26 min manat alan İradə Qədirli ona ev tikməyə söz verib.
İ.Qədirlinin qurbanları yalnız qadınlar deyil. Etibarının qurbanına çevrilənlər arasında kişilər də var. Belə ki, Anar Mirzəli oğlu Həmzəyev də İradəyə ona ev tikməsi üçün 11 min manat həvalə edib. Heydər Tofiq oğlu Muradov və Şura Bağır qızı Muradova da hər biri 51 min manat verərək İradənin onlara ev tikəcəyini gözləyib. Aldadıldıqlarını anlayanda isə çarəni polisə müraciət etməkdə görüb.
Abşeron RPŞ-də Cinayət Məcəlləsinin 178.2.4 və 178.3.2-ci maddələri ilə cinayət işi açılıb və İradə Qədirli barəsində məhkəmənin qərarı ilə həbs qərarı seçilib.
Bu maddələrlə ittiham edilən İ.Qədirlini əmlakı müsadirə edilməklə 10 ilə qədər həbs gözləyir.
Qaynar.info