
Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova BŞİH-nin meri Hacıbala Abutalıbovun Heydər Əliyev sarayının qarşısındakı bağda çadırdan mənzil-qərargah tikdirməsinə münasibət bildirib.
Qurum rəsmisi azvision.az-a açıqlamasında bildirib ki, Hacıbala Abutalıbovun adıçəkilən ərazidə çadır qurub, orada gecələməsi yalan xəbərdir: “Gül bayramına hazırlıq ərəfəsində həmişə çadırlar qurulur. Həmin çadırda isə növbətçilər, polislər, bizim işçilər növbətçi kimi gecə də qalırlar. Orada yemək yeyib, su içirlər. Bəs necə olmalıdır? Acından ölməlidirlər? Bu, hər il olur, təzə bir şey deyil”.
Qurum rəsmisinin sözlərinə görə, qurulan çadır bayrama hazırlığı həyata keçirən işçilər üçün nəzərdə tutulub: “Hələ ki, hazırlıq işləri gedir. Bilirsiniz ki, bu hazırlıq bir–iki günün işi deyil. Hacıbala müəllim Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəridir. Bu bayram onun rəhbərliyi ilə keçirilir. Amma bu hazırlıq işləri həmişə olub, çadır həmişə olub. Həmin çadırda isə növbətçilər, polislər olur. Yağışda, küləkdə orada otura bilsinlər. Cavan uşaqlardan kimsə yazırsa, yəqin ki xəbəri yoxdur”.
Qaynar.info