
Xəbər verildiyi kimi, "Nida" vətəndaş hərəkatının həbsdə olan 8 üzvü ötən həftənin cümə axşamından bəri saxlanıldıqları Kürdəxanı Təcridaxanasında aclıq aksiyası keçirirlər.
Ötən gün isə gənclərin valideynləri də Müsavat Partiyasının qərargahında övladlarına dəstək məqsədilə aclıq aksiyasına başlayıblar.
Bu gün aclıq aksiyasının 5-ci günündə olan "Nida" üzvlərinin səhhəti ilə narahatlıq doğuran məlumatla gəlib. Belə ki, vəkillərin verdiyi məlumata görə, gənclərdən Bəxtiyar Quliyevin ayaqları tutulub. Zaur Qurbanlının isə astma krizi tutub. Hər iki gəncin vəziyyəti hazırda normaldır.
R.Həsənovda isə şiddətli başağrıları baş qaldırıb. Təcridxana rəhbərliyi onun vəziyyəti ilə maraqlanması üçün həkim göndərəcək. Bu barədə R.Həsənovun vəkili məlumat verib.
Onu da bildirək ki, Penitensiar Xidmət "Nida"çıların aclıq aksiyası keçirməsi ilə bağlı müəmmalı münasibət sərgiləyir.
Belə ki, xidmətin mətbuat xidmətindən bildirilib ki, Kürdəxanı təcridaxanasının rəhbərliyinə heç kim aclıq aksiyası keçirdiyi ilə bağlı rəsmi ərizə yazmayıb. Gənclərin vəkilləri isə bildirir ki, təcridxana rəhbərliyinə ötən həftənin 5-ci günü rəsmi qaydada ərizə yazılıb və aksiya ilə barədə xəbər verilib.
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən də bildiriblər ki, onlarda Kürdəxanıda yerləşən təcridxanada aclıq aksiyası keçirildiyinə dair məlumat yoxdur.
Qaynar.info