Ölkə 16:02 23.06.2022

Adı Yağmur, sevdiyi Mikki Maus, bölüşdüyü qələm... (VİDEO)

Uşaqlar heç vaxt bizim düşündüklərimizi düşünmür. Öz dünyaları var. Onlar həmin dünyada sevinir, oynayır, danışır, gülür.

Biz böyüklər hətta onların gördüklərini görə, hiss etdiklərini hiss edə bilmirik.

Bəzən düşünürük, axı uşaqlar nə istəyir? 

"Uşaqlara 40+ sual” layihəsində o suallara cavab tapmağa, bir uşağın dünyasına girməyə və oradan dünyamıza baxmağa çalışacağıq. 

Qaynarinfo-nun "Uşaqlara 40+ sual” layihəsinin budəfəki müsahibi 14 saylı orta məktəbinin 1-ci sinif şagirdi Yağmur Abdullayevadır.
 
 
- Adın nədir?
- Yağmur.

- Yağmurun neçə yaşı var?
- Altı.

-Yağmur məktəbə gedir?
- Bəli.

- Neçənci sinfə?
- Birinci.
 
- Dərsərini necə oxuyur Yağmur?
- Yaxşı.

- Hansı dərsləri sevir?
- Riyaziyyat, Azərbaycan dili.

- Dərslərindən neçə alır?
- Beş.

- Yağmurun məktəbdə sonuncu dəfə öyrəndiyi nədir?
- Toplama, vurma, bölmə.
 
- Bəs Yağmur şeir deyə bilir?
- Bəli. (Şeir söyləyir)

- Yağmur, düşün ki, bu an istədiyin bir şeyi edə bilərsən. Nə etmək istərdin?
- Mən, bu an? Anama kömək eləmək istəyərdim.
 


- Yağmur mahnıları sevirmi və hansını?
- Bəli. Nə idi onun adı... (Fikirləşir) "İtən eşqim”.

- Sən o mahnının sözlərini bilirsən?
- Bir az.

- Yağmur utanır?
- Xeyr.

- Yağmur ən çox kimlərə kömək eləmək istəyir?
- Anama.

- Başqa?
- Atama

- Başqa?
- Başqa heç kim.

- Nağılları sevirsən?
- Bəli.

- Yağmur hansı nağıl qəhrəmanı olmaq istəyərdi?
- Mən... Şir. Dovşan da olmaq istəyərdim.

- Niyə dovşan olmaq istəyərdin?
- Çünki dovşan ən sevdiyim heyvandı.

- Yağmur, dostluq nədir bilirsən?
- Bəli.

- Nədir dostluq?
- Dosta kömək eləmək.

- Yağmurun dostu varsa, kimlərdi?
- Aytac, Aylin.

- Onlar sənin sinif yoldaşlarındı?
- Bəli.

- Sən onlarla nəyi bölüşürsən?
- Qələmimi.

- Sonra?
- Sonra heç nə.

- Bilirsənmi dava etmək nədir? 
- Bəli. Küsməkdir.

- Yağmur küsür kimdənsə?
- Xeyr. 

- Cizgi filmini sevirsən?
- Bəli.
 


- Hansısını?
- Miki Mausu.

- Bəs hansı musiqi alətini sevirsən?
- Mən mikrafonu sevirəm.

- Mikrafon musiqi aləti deyil axı. Bəs mənə bayaq demişdin pianonu sevirəm.
- Fikrimi dəyişdim.

- Pərilərə inanırsan?
- Xeyr.

- Niyə?
- Çünki pərilərin yarısı pis ola bilər.

- Bilirsən xəyal qurmaq nədir?
- Bəli.

- Nədir xəyal qurmaq?
- Nəsə fikir qurursan.

- Bəs sən nəyin xəyalını qurmusan?
- Mutfilimin.

- Mutfilimdə nəyin xəyalını qurmusan?
- Xəyalımda fikirləşmişəm ki, Toyuq Miki Mausun evinə gəlir.

- Ana səni qucaqlayanda nə hiss eləyirsən?
- Bilmirəm.

- Ana evdə ən çox sənə nəyə görə hirslənir?
- Nəsə bir şeyi dağıdanda.

- Bəs evdə sənə ən çox kim hirslənir?
- Anam.

- Hirslənib sənə nə deyir?
- Heç nə demir, amma soruşur ki, onu niyə dağıtdın? 

- Ana səni sevəndə nə deyir?
- Ürəyim.

- Yardım eləmək nədir, bilirsən?
- Bəli.

- Nədir?
- Kiməsə kömək eləmək.

- Bax fikirləş ki, bir nağıl kitabı yazmalısan. O kitabın mövzusu nə olardı?
- Kitabın mövzusu, dovşan olardı.

- Dovşan nə edərdi nağılda?
- Nağılda, toyuğu döyərdi.

- Niyə, sənin toyuqlardan xoşun gəlmir?
- Xeyr.

- Toyuqlar nə edib sənə?
- Toyuqlar bir-birinin dalınca düşür.

- Yağmur hansı səsləri sevir?
- İncə.

- İncə? Necə səslər?
- İncə yəni yavaş.

- Yağmur enerjili uşaqdı?
- Bəli.

- Niyə?
- Çünki səhər yuxudan duranda enerjili oluram.

- Nə edirsən enerjili olanda?
- Əynimi geynirəm, yeməyimi yeyirəm, dərsə gedirəm.

- Dərsə gecikmirsən?
- Xeyr.

- Sən başqa birinin yerinə keçmək imkanın olsa, kimin yerinə keçərdin?
- Anamın.

- Səni ən çox nə narahat edə bilər?
- Yastıq narahat edir.

- Niyə?
- Bir də görüsən yastıq bərk olur.

- Bərk yastıqda yata bilmirsən?
- Xeyr.

- Yuxuda nə görürsən?
- Adam görür ki, girmisən kəndə, maşının var. Elə bunlar.

- Yuxulara inanırsan?
- Xeyr. 

- Böyüyəndə hansı sənətin sahibi olmaq istəyirsən?
- Həkim.

- Niyə həkim?
- Anam da həkim işləyir.

- Sənin canını nə yandıra bilər?
- Canımı... Yanmaq.
 


- Bir yerinin yanmağı?
- Bəli.

- Bilirsən qorxmaq nədir?
- Bəli.

- Nədir?
- Kimdənsə qorxmaq. Nədənsə qorxmaq. Heyvanlardan qorxmaq.

- Yağmur nədən qorxur?
- İlandan.

- Niyə?
- Çünki ilan adamı sancır.

- Səni kimsə incitsə, nə edərsən ona?
- Bilmirəm.

- Bax, fikirləş də, nə edərsən?
- Döyərəm.

- Niyə?
- Çünki adam məni əsəbiləşdirəndə mən də onu döyərdim.

- Fotoqraf olsaydın, nəyi çəkərdin?
- Uşaqların, başqa heç nə.

- Bacın, qardaşın var?
- Xeyr.

- Bəs istəyirsənmi olsun?
- Bəli.
 
- Niyə?
- Evdə tək oluram deyə.

- Hansı gülləri sevirsən?
- Qırmızı lalə.

- Hansı fəsli sevirsən?
- Yaz.

- Niyə yaz?
- Çünki yazda hava isti olur.

- İsti havaları xoşlayırsan?
- Bəli.

- Ad günün nə vaxtdı?
- Oktyabrda.

- Hansı oyuncağını sevirsən?
- Barbini.

- Ad günündə hansı oyuncağın alınmasını istəyərdin?
- Miki Maus oyuncağı.

- Bax, yay tətili gəlir. Yayda nə eləmək istəyərdin? 
- Oynamaq istəyirəm.
 
- Başqa?
- Heç nə.
 
- Dənizə getmək?
- Xeyr.
 
- Niyə? Dənizi sevmirsən?
- Sevirəm. Amma getmək istəmirəm.

- Evinizdə ən çox nəyi sevirsən?
- Otağımı.
 
- Otağında hansı əşyanı sevirsən?
- Oyuncağımı.
 
- Hansı oyuncağını?
- Miki Mausumu.

- Məktəb nə üçün lazımdır bizə?
- Oxumaq üçün.

- Biz niyə oxuyuruq?
- Oxuyub işləmək üçün.

- Səncə, su olmasa həyat necə olardı?
- Pis.

- Necə pis?
- Çünki adamlar susuzluqdan ölərdi. İnsanlar yaşaya bilməzdi. 

- Bax, təsəvvür elə ki, bir gün krantı açırsan, ordan su gəlmir, onun yerinə nə gəlməyini istəyərdin?
- Sok.

- Niyə sok?
 - Çünki sok ən sevdiyimdir.
 


- Bəs sənə desələr bir gün mağaza açmalısan, o mağazada nə satardın?
- Süd, ayran, şirniyyatlar, başqa heç nə.

- Sənə evdə nəyə icazə vermirlər?
- Dostlarımla oynamağa.

- İmtahan nədir?
- İmtahan oxumaq üçündür.

- Oxumaq üçün, yoxsa?..
- İşləmək üçün.

- Ancaq işləmək üçündür imtahan?
- Bəli.

- İmtahan necə olur?
- İmtahan çox-çox çətin suallardı.

- Bizim vətənimiz haradır?
- Azərbaycan.

- Bilirsən yağış necə yaranır?
- Bəli. Sudan.
 
- Sudan necə olur yağış yaranır?
- Su çirkli olur.

- Niyə çirkli olur?
- Çünki içinə nəsə qatırlar.

- Bu gün ən çox nəyə gülmüsən?
- Heç nəyə gülməmişəm.

- Səncə, gözəl bir gün keçirmək üçün nə etməliyik?
- Nə etməliyik? Ad günü keçirtməliyik.

- Öz ad gününü, yoxsa başqalarının?
- Öz ad günümü.

- Səncə, Yağmur ağıllı qızdır?
- Bəli.

- Niyə?
- Çünki anam da ağıllısan deyir.

- Bəs müəllimin nə deyir sənə?
- Ağıllım.

- Sən gecə yatmazdan əvvəl nəsə düşünə bilirsən?
- Bəli.

- Nə düşünürsən?
- Yuxum gəlmir. Başqa heç nə düşünmürəm.

- Yuxun gəlmək üçün nə edirsən?
- Düşünürəm yatmalıyam.

- Yemək yeməyi sevirsən?
- Bəli.

- Hans yeməkləri?
- Plovu sevirəm.

- Bilirsənmi hazırcavablıq nədir?
- Hazırlaşmaq və cavabını vermək.

- Sirlərini kiminlə paylaşırsan?
- Anamla, atamla.

- İdmanı sevir Yağmur?
- Bəli. Konki sürməyi sevirəm.

- Şəkil çəkməyi sevirsən?
- Bəli.

- Sən fotoqraf olsaydın nəyin şəklini çəkərdin?
- Adamların.

- Balaca uşaqları sevirsən?
- Bəli. Çünki şirindilər.

- Səncə, insanları nə incidə bilər?
- Nəsə pis söz deyəndə incidir insanları.

- Xoşuna gəldi suallarım? 
- Bəli.

- Bitirək, yoxsa davam edək?
- Bitirək.

- Çox sağ ol gəldiyin üçün. 
- Siz sağ olun.
 
Günay İlqarqızı