
“Sözün düzü, Müsavat Partiyasının siyahısında adımın olmaması mənim üçün surpriz deyildi”.
Bunu Qaynar.info-ya “Ağ blok”un həmtəsisçisi, Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı partiyanın parlament seçkilərilə bağlı açıqladığı siyahıda adının olmamasına münasibət bildirirkən deyib.
Onun sözlərinə görə, siyahıda Arif Hacılının siyasi xəttini dəstəkləməyənlərin adı yoxdur: “Nəinki mənim adım, hətta ətrafımda olan və istər partiya daxilində, istərsə də cəmiyyətdə kifayət qədər nüfuza malik Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Elşən Həsənov və bu kimi fədakar siyasətçilərin və keçmiş vicdan məhbuslarının da adları yoxdur. Siyahıda Arif Hacılının siyasi xəttini dəstəkləməyən insanların 95 faizinin adları yoxdur. Bu bir daha Arif Hacılının hələ də qrup maraqlarından kənara çıxa bilmədiyinin göstəricisidir. Siyahının nə qədər uğurlu olub-olmadığını zaman göstərəcək. Düzdür bizlərin adlarının siyahıda olmamasını indiki rəhbərlik texniki səbəblərlə izah etməyə çalışacaq. Guya nizamnamədə nəzərdə tutulmayan hansısa öhdəlik ərizəsi filan yazmalı imişik. Ancaq bunlar bəhanədir, çünki partiya rəhbəriliyi artıq uzun müddətdir ki, mənim haradan namizəd olacağımı bilirdi. Onlara bu barədə çox əvvəlcədən məlumat verilmişdi. Əslinə baxanda bizim adımızın o siyahıda olub-olmaması siyasi baxımdan o qədərdə önəm daşımır. Çünki qurultaydan sonra yürüdülən yanlış siyasət nəticəsində Müsavat xeyli nüfuz itirib. “Ağ Bloku” yaradanda bütün bu nüansları nəzərə almışdıq. Əvvəlcədən bizə mesaj verilirdi ki, süni şəkildə kənarda saxlanılacağıq. Bu hərəkətə zaman qiymət verəcək. Odur ki, bu barədə çox danışmaq istəmirəm. Namizəd olmuş hər kəsə də uğur arzulayıram”.