
Azərbaycan Dövlət Neft Akademiyasının rəsmi internet səhifəsinə (http://asoa.edu.az) haker hücumu olub.
ANS PRESS-in məlumatına görə, sayta 30 aprel terror hadisəsi zamanı həlak olanların şəkilləri yerləşdirilib. Sayta həmçinin "30 apreli siz unutduz, biz unutmadıq, unutdura da bilməzsiniz", "30 aprel faciəsi onları bizdən aldı" sözləri yazılıb.
Xatırladaq ki, 2009-cu il aprelin 30-da səhər saat 9:30 radələrində Gürcüstan Respublikasının vətəndaşı Fərda Qədirov ADNA-ya silahlı hücum edərək birinci mərtəbədən 6-cı mərtəbəyə qədər qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13 nəfər yaralanmışdı. Ölənlər arasında Akademiyanın professor, müəllim heyəti, tələbələr və təhsil ocağının yeməkxanasına qatıq gətirən qadın da vardı. Xüsusi təyinatlıların müdaxiləsindən sonra ələ keçəcəyini başa düşən terrorçu başına atəş açmaqla intihar etmişdi.
Hər il müxtəlif gənclər təşkilatları terror qurbanlarının xatirəsini yad etmək üçün ADNA-nın qarqşısında anım mərasimi təşkil etməyə cəhd etsələr də polis buna imkan vermir. Bu gün keçirilən aksiya da polis tərəfindən dağıdılıb, 3 nəfər saxlanılıb.Hətta bu gün dənizkənarı parkda türk müğənnisi Mustafa Cecelinin konserti keçirilib. Bu isə gənclərin hiddətinə səbəb olub və onlar ADNA-nın rəsmi internet səhifəsinə hücum ediblər.
Qaynar.info