2022-ci ilin yanvarında Kamerunda start götürməsi planlaşdırılan Afrika Millətlər Kubokunun (AFCON) təşkilatçıları turniri ləğv etməyə hazırlaşırlar.
Qaynarinfo xəbər verir ki, buna səbəb COVİD-19-un "Omicron" ştammıdır. Turnirin ilk oyununun Kamerunda başlamasına bir aydan az vaxt qalsa da, Fransa mətbuatında çıxan xəbərlərdə millilərin baş məşqçilərinin narahatlığı səbəbindən yarışın ləğv oluna biləcəyi irəli sürülüb. Klublar futbolçuların Afrikaya mümkün qədər gec qayıtması ilə bağlı danışıqlar aparır. "Liverpul"un baş məşqçisi Yurgen Klopp, Mohamed Salah, Sadio Mane və Nabi Keytanın Afrikaya qayıdışını gecikdirmək üçün danışıqlar apardığını təsdiqləyib. Çünki Böyük Britaniyaya qayıtdıqdan sonra futbolçular karantinə alınmalıdırlar ki, bu da klubları daha uzun müddətə oyunçularından məhrum edəcək.
Afrika Futbol Konfederasiyasının bu gün keçiriləcək iclasından sonra yarışın qeyri-müəyyən müddətə təxirə salınacağı gözlənilir.
AFRika Millətlər Kuboku daha öncə də təxirə salınmışdı və 2020-ci ilin yanvarında keçirilməsi planlaşdırılmışdı. Lakin pandemiya səbəbindən bu, baş tutmamışdı.
Səbuhi Həsənov