Avropa İnsan Haqları Məhkəməsi olimpiya və dünya çempionu Kaster Semenya ilə bağlı uzun müddətdir davam edən mübahisələrə son qoyub.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, hələ 2009-cu ildə Berlində keçirilən Dünya Atletika Çempionatında 800 metr məsafəyə qaçış üzrə yarışda qızıl medal qazanan Semenyanın cinsiyyəti üzündən mübahisə yaranmışdı. "Hiperandrogenizm" adlı qeyri-adi genetik fərqə görə orqanizmi yüksək səviyyədə testosteron ifraz edən Semenyanın beynəlxalq yarışlarda iştirakına Beynəlxalq Atletika Federasiyası (IAAF) tərəfindən qadağa qoyulmuşdu. Qaydaya görə, testosteronu yüksək olan qadın idmançılar, hormon səviyyəsini aşağı salan dərmanlardan istifadə etmək şərtilə yalnız 400 və 1600 metr məsafəyə qaçış üzrə yarışlara qatıla bilərlər. Cənubi afrikalı idmançı isə sözügedən dərmanlardan sağlamlığını təhlükə altında qoyduğu üçün imtina edib.
IAAF-ın qərarına cavab olaraq Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) üz tutan Semenyanın həmin dərmanlardan istifadə etmədən yarışlarda iştirak tələbi yerinə yetirilməmişdi. İşi İsveçrə Federal Ali Məhkəməsinə qədər daşımasına baxmayaraq etirazları növbəti dəfə rədd edilən Semenyanın 2019-cu ildə Qətərin paytaxtı Dohada keçirilən Dünya Atletika Çempionatına qatılmasının qarşısı alınıb. Buna səbəb IAAF-ın apellyasiya prosesi davam edərkən bir müddət dondurulan qərarının yenidən qüvvəyə minməsi olub. Mübarizəsindən əl çəkməyən 32 yaşlı sprinter nəhayət Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət ünvanlayıb. Şəxsi hüquqlarının pozulduğu və idman karyerasını davam etdirə bilməməsi ilə bağlı müraciətinə baxan məhkəmə tərəfindən Semenyaya "cinsinə və cinsi xüsusiyyətlərə görə ayrı-seçkilik” məsələsini müzakirə etməyə imkan vermədiyi üçün CAS-ın qərarının doğru olmadığı bildirilib. IAAF-ın qəbul etdiyi qərar bir çox dairələr tərəfindən gender ayrı-seçkiliyi kimi qiymətləndirilib və müzakirə obyektinə çevrilib.
Sonuncu dəfə 2017-ci ildə Londonda keçirilən Dünya Çempionatında iştirak edən Semenya 1500 metr məsafəyə qaçış üzrə üçüncü, 800 metr məsafədə isə birinci olub. Həmin çempionatdan bəri verilən qərarla mübarizə aparan idmançı nəhayət istəyinə çatıb.
Səbuhi Həsənov
Şərhlər