Azərbaycanda ali məktəblərə daxil olmaq, tələbə adını almaq yolu repetitor təhsilindən keçir. Valideynlər uşaqlarını ali məktəblərə hazırlaşdırmaq üçün hər fəndən repetitor tutur və bunun müqabilində həmin müəllimlərə ayda müəyyən məbləğ ödəyirlər.
Amma elə valideynlər də var ki, imkansızlıqdan uşağına repetitor yanına göndərə bilmir. Əgər bu gün valideyn uşağını repetitor yanına göndərəcəksə, onda dövlət məktəblərində işləyən və buna görə aylıq məvacib alan müəllimlər kimə və nəyə lazımdır?
Qaynarinfo olaraq bu sualın cavabını təhsil ekspertlərində aradıq.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, orta məktəb minimum bilik və bacarıqlara malik vətəndaş yetişdirir:
"Məktəbin funksiyası ali məktəbə abituriyent hazırlamaq deyil. Dövlətin təhsil standartları çərçivəsində şagirdlərini müəllim sinifdə reallaşdırır. Amma bundan sonra valideyn övladının ali təhsil alması üçün fərdi imkanlarını səfərbər edir ki, bunun da günahkarı məktəb deyil, çətin qəbul qaydalarıdır. Repititorluq xidməti bütün dünyada var. Hətta təhsili inkişaf etmiş ölkələrdə də əlavə hazırlıq üçün bu xidmət mövcuddur. Bəli, sizin dediyinizdə həqiqət var ki, müəllmlər bəzən öz öhdəliyini yerinə yetirmir. Minimum bilik və bacarıqları da şagirddə formalaşdırmır”.
Təhsil Eksperti Elçin Əfəndinin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən 4440-dan çox orta ümumtəhsil məktəbində şagirdlərə normal təhsil verə bilən barmaqla sayılası təhsil müəssisəsi var:
"Bura həm özəl, həm də dövlət müəssisələri daxildir. Onlar şagirdlərə normal təhsil verə bilirlər. Həmin təhsil əsasında onlar Azərbaycanda və ölkədən kənarda ail məktəblərə daxil olub tələbə adını qazanırlar. Digərlərində isə təəssüf ki, dərslər normal qaydada keçilmir. Bunun da bir neçə səbəbi var. Az saatla işləyən müəllimlər məktəblərə "şagird ovuna” gəlirlər. Çalışırlar ki, uşaqları öz evinə cəlb eləyib, orada məşğul olsunlar. Bundan əlavə, bəzi müəllimlərin bilik və bacarıqları ali təhsil müəssisələrinə tələbə hazırlamaq potensialında deyil. Bu gün valideynlər övladına konistitusiyanın tələblərinə uyğun olaraq pulsuz təhsil verə bilmir. Azərbaycan təhsili ödənişli əsaslarla fəaliyyət göstərir”.
Elçin Əfəndi hesab edir ki, orta ümumtəhsil məktəblərinə təhsili qaytarmaq üçün qəbul imtahanlarının formatında dəyişiklik olunmalıdır:
"Qəbul imtahanları konkret olaraq ya bir, ya da üç fənn üzərindən aparılmalıdır. Türkiyə və xarici ölkələrdə olduğu prinsipi tətbiq etmək olar. Qəbul imtahanları üçün xarici dil, informatika və üzərindən şagirdin azərbaycan dili biliyi yoxlanmalıdır. Bu üç fənn üzrə qəbul imtahanları aparılsa, digər fənlər üzrə əlavə müəllim yanına getməyə ehtiyac olmayacaq, eyni zamanda müəllimlər də evində deyil, məktəblərdə dərs deməyə maraqlı olacaqlar. Müəllimlərin məktəbdə dərs deməsinə əsas maraq onların əmək haqlarının artırılmasıdır. Bu gün Azərbaycan müəllimi 2 min manat əmək haqqı alarsa, düşünmürəm ki, əlavə şagirdlə məşğul olmağa vaxt ayırsın. Belə olan halda keyfiyyətli təhsildən danışmaq olar”.
Təhsil eksperti Məzahir Məmmədlinin fikirincə, repititorluq Azərbaycanda həm də bir dəb halını alıb:
"Valideyinlərin çoxu belə düşünür ki, övladı müəllim yanına getməsə, yetkin biliyə yiyələnə bilməyəcək. İndi əlavə vəsaitlər və internet var, şagird istəsə, dərsdən kənar bu vasitələrdən istifadə etməklə nəticə əldə edə bilər. Bu təcrübə artıq var. Biz sosial şəbəkə üzırindən hər il qəbuldan sonra bu faktların şahidi oluruq”.
Bahar Rüstəmli