Ölkə 13:45 17.10.2022

Şagirdləri dərs vəsaiti ilə kim təmin etməlidir, valideyn, yoxsa məktəb?

Yeni dərs ilinin başlamasından iki aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də orta ümumtəhsil məktəbləri dərs vəsaitləri ilə təmin olunmayıb. Xüsusə də yuxarı siniflər. X-XI sinif şagirdlərinin bəziləri ilə söhbətdə aydın olur ki, müəllimlər onlara öz hesablarına dərs vəsaitlərinin üzünün çıxarılmasını tapşırıb. Şagirdlər buna ailələrinin imkanının çatmadığını deyəndə isə müəllimin verdiyi cavab bu olub:

"İmkanınızın olub-olmamasının mənə aidiyyatı yoxdur, kitabınız olmalıdır, bu artıq sizin işinizdir”.

Orta ümumtəhsil məktəblərində oxuyan şagirdləri dərs vəsaitilə kim təmin etməlidir? Valdeyn, yoxsa məktəb?

Təhsil eksperti Elçin Əfəndiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, müəllimin şagirddən bunu tələb etməyə haqqı yoxdur:

"Müəllim Elm və Təhsil Nazirliyindən tələb etməlidir ki, niyə şagirdə dərs vəsait verilməyib? İlk olaraq məktəb direktoru, sonra təhsil idarəsi və nəhayət, Elm və Təhsil Nazirliyinə müraciət etsin. Şagirdin borcu deyil ki, kitab üzü çıxarsın. Elədirsə, o zaman dövlət büdcəsindən pul ayrılmaz və bütün valideynlər özləri övladlarını kitabla öz hesablarına təmin edərlər. Görünən odur ki, vaxtında pulunu yeyib, üstündən də su içiblər. İndi təhsilalanlar qalıb kitabsız”.

Təhsil eksperti Kamran Əsədov da bu problemə görə Elm və Təhsil Nazirliyini ittiham edib:

"Ötən həftə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri deyirdi ki, kitab problemini həll etmişik. Yəni, bu o deməkdir ki, bizi artıq şagirdlərin problemi maraqlandırmır”.

Bahar Rüstəmli