Avropa İttifaqının səfirləri 19 fevral çərşənbə günü Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünə cavab olaraq 16-cı sanksiyalar paketini razılaşdırıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun Avropa məsələləri üzrə redaktoru Rikard Cozvyak X (Twitter) sosial şəbəkəsində
yazıb.
Onun sözlərinə görə, yeni sanksiyalar paketi rəsmi olaraq Aİ ölkələrinin xarici işlər nazirləri tərəfindən gələn bazar ertəsi, 24 fevralda – Ukraynaya qarşı genişmiqyaslı işğalın üçüncü ildönümündə təsdiqlənəcək.
"Financial Times"ın məlumatına görə, 16-cı sanksiyalar paketi Rusiyanın alüminium sənayesini hədəf alır və neft ixracına qoyulan məhdudiyyətləri gücləndirir.
Nəşrin mənbələrinin bildirdiyinə görə, tədbirlər daha 13 banka, Moskvanın xam neft ixracı üçün istifadə etdiyi 73 gəmidən ibarət "kölgə donanmasına" və Aİ ölkələrinin bəzi növ Rusiya alüminium məhsullarının alınmasına "mərhələli" qadağaya təsir edir.
Bu tədbirlər, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirməsinə kömək edən daha çox şəxs və şirkətləri hədəf alır.
Xatırladaq ki, hazırda Aİ-yə sədrlik edən Polşa yeni sanksiyalar paketinin 24 fevralda – Ukraynaya qarşı genişmiqyaslı müharibənin üçüncü ildönümündə qəbul olunmasını istəyir.
Bundan əvvəl Polşa Skandinaviya və Baltikyanı ölkələrlə birlikdə 16-cı sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim etmişdi. Xüsusilə, bu ölkələr Rusiyadan qaz və maye təbii qaz idxalına məhdudiyyətlər qoyulmasını tələb edirlər.
Qeyd edək ki, Aİ 16 dekabrda Rusiyaya qarşı 15-ci sanksiyalar paketini qəbul etmişdi. Bu paket Rusiya "kölgə donanmasının" fəaliyyətinə mane olmaq və Rusiya hərbi-sənaye kompleksini zəiflətmək məqsədini daşıyırdı.
Alpər
Şərhlər