
Azərbaycanda çayxana bir həyat tərzi, hətta bir növ sehrli məkandır. Çayxanaya çay içməkdən daha çox söhbətləşib-dərdləşmək, laqqırtı vurmaq, yaxud nərddən, dominodan oynamaq üçün yığışırlar. Beləliklə, çayxana Azərbaycan xalqının məişətinin, mədəniyyətinin mühüm bir parçasına çevrilib.
Sözsüz ki, çayxanalar da cürbəcür olur. Məsələn, köhnə bakılılar Malakan bağındakı məşhur çayxananı yəqin yaxşı xatırlayırlar. Oradakı çayçı isti çayla dolu on stəkanı bir qoluna düzüb heyrətamiz məharətlə masalar arası ilə dolaşaraq onları müştərilərə paylayırdı.
Bəs ümumiyyətlə ölkədə çayxanalarla bağlı vəziyyəti qənaətbəxş saymaq olarmı? Bölgələrdə mənzərə nisbətən ürəkaçandır, belə ki, çayxana müştərilərinin cəmiyyətin zəngin təbəqəsinə aid olmadığını diqqətə alıb bir çaydanı (təqribən 8 armudu stəkan) 50 qəpiyə - 1 manata təqdim edirlər, yanında da limon dilimi. Şəhərlərarası avtobuslarının dayanacaqlarında bir çaydanı sabit olaraq 1 manata almaq olar. Paytaxtda isə vəziyyət bir qədər fərqlidir, qiymətlər 2 manatdan 25 manatadək dəyişir. Özü də bir çaydanın 2 manata təqdim olunduğu məkanı hətta ən bahalı yer olan dənizkənarı bulvarda da tapmaq olar. Bəli, zarafatsız!
Elə ötən həftəsonu həmkarlarımıza bulvarda bir çayxanada bir çaydanı şəkər və limonla, mürəbbə, şokolad, fındıq, badam, kişmişlə birgə 15 manata təklif etmişdilər. Üstəlik ofisiant qayıtdı ki, bu hələ yaxşıdır, ötən il eyni dəsgahın qiyməti 40 manatmış (!!!). Özü də yalnız bütöv dəsgahı sifariş etməlisən. Adıçəkilən nemətləri nə qədər hesablasaq da, 40 manat çıxmadı ki, çıxmadı. Kişilər ən azı üçqat qiymət qoyublarmış.
Eyni vəziyyətə Hüseyn Cavid bağındakı çayxanada da rast gəlinir. Burada adi qəndlə çay vermirlər, zəhmət çəkib ya qiyməti 10-30 manat olan dəsgah sifariş et, ya da çıx get. Özü də, tələbə Günay Mənsimovanın dediyinə görə, ofisiantlar “ağlına gələn qiyməti oxuyurlar”. Birinci dəfə gələndə kiçik dəsgaha görə onlardan 7 manat aldılar, ertəsi gün eyni dəsgaha görə 10 manat. Çek də, məlum məsələdir, vermirlər.
Yasamal Rayon İcra Hakimiyyəti binasının yaxınlığındakı çayxanada isə daha da irəli gedib bir saat oturub bir çay dəsgahı içmək müqabilində müştəridən 25 manat alırlar. Paytaxtın “28 May” metro stansiyası yaxınlığında yerləşən məşhur “50 qəpik” adlı çayxanada isə lap “ağ edirlər”: Burada qiymətlər 15 manatdan başlayıb gedir haradasa 100 manat həndəvərinə çıxır. Belə qiymətlər bütün elit çayxanalarda tətbiq olunur.
Bütün bu özbaşınalıqları görəndə ortaya adi bir sual çıxır: görəsən, ölkədə qiymət siyasəti necə yeridilir, qiymətlər hansı əsaslarla qoyulur? Məsələyə az da olsa məsul olan şəxslər dərhal bazar iqtisadiyyatın tələblərini bəhanə gətirirlər. Axı bazar iqtisadiyyatı hərc-mərclik demək deyil! Bazar iqtisadiyyatı kiminsə qaynanmış suya bir parça çay atıb, yanına bir nəlbəki mürəbbə, yaxud fındıq qoyub dədəsinin qiymətinə satması demək deyil!
Son vaxtlar insan hüquqlarının müdafiəsi məsələsi tez-tez gündəmə gəlir. Di gəl insan hüquqlarından söz düşəndə ya siyasi təzyiqlər, ya da kiminsə küçədə döyülməsi, ya da başqa bu kimi məsələlər göstərilir. Addımbaşı gündüzün günorta çağı insanların cibinə girirlər, amma insan haqları nədənsə yada düşmür.
Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov başqa fikirdədir. Dediyinə görə, istehlakçıların hüquqlarını müdafiə etmək üçün dəfələrlə müxtəlif idarələrə müraciətlər yollayıb, amma bu sahədə dərəbəylik getdikcə artır. Məsələn, Bakının Dağüstü parkında fəaliyyət göstərən çayxanaların birində cəmi-cümlətanı bir stəkan çay 25 manatadır. Maraqlıdır ki, bu ağlasığmaz qiymət çayın özündən çox oradan açılan dəniz mənzərəsi üçündür. Hər halda özləri belə deyirlər. Doğrudan da, mənzərə çox gözəldir. Amma yenə də həmin məkana bayram günləri axşam bulvarda atəşfəşanlıq vaxtı gəlməyi dəyərli oxuculara məsləhət görməzdim. Çünki hər yaylım atəşə görə sizdən ayrıca pul istəməyəcəklərinə qətiyyən arxayın deyiləm.
İqtisadçı Pərviz Heydərovun fikrincə, dəbdəbəli ictimai iaşə müəssisələrində qiymət siyasətini müəyyənləşdirən müştərilər olmalıdır, məkan sahibləri isə xidmət və təamların keyfiyyətini qaldırmaqla qiymətləri istədikləri yöndə tənzimləyə bilərlər. Hələliksə bizdə tam tərsinədir, yəni yer sahibləri müştəriyə istədikləri qiyməti oxuyurlar.
Bu barədə tənqidi fikir bildirəndə çox vaxt deyirlər ki, müştərinin həmişə seçim imkanı var. Belə imkan guya var, amma əslində seçməli şey yoxdur. Haradasa ucuz çayxana bir az diqqəti cəlb edən kimi imkanlı kimlərsə onu satın alıb yerində dəbdəbəli məkan tikdirir və təbii ki, yerə “yaraşan” da qiymətlər qoyur.
Belə baxanda çayı elə evdə də içmək olar. Amma çayxana həyat tərzidir axı. Evdə özünə lap ən təmtəraqlı çay dəsgahı təşkil etsən də, çayxananın ab-havası, tamı, ləzzəti yenə də başqadır.
Əli İbrahimov
Kaspi.az