“Azərbaycan Dövlət Dəmir Yolları” ASC-dən narazı qaldıqları üçün ötən həftə etiraz aksiyası keçirən dəmiryolçular polisə çağırılıb.
Bu barədə məlumatı virtualaz.org saytına dəmiryolçuların özləri verib.
Onların sözlərinə görə, yanvarın 26-da “Azərbaycan Dövlət Dəmir Yolları” ASC-nin binası qarşısına toplaşaraq narazılıqlarını dilə gətirən bələdçilərdən bir qrupu polisə çağırılıb. Səbəb ASC-nin həmin işçilərdən şikayətçi olmasıdır.
ASC idarə qarşısında aksiya keçirən qatar bələdçilərinin qurumun iş rejiminə mane olması iddiası ilə dəmiryolu polisinə şikayət edib. Dəmiryolu idarəsindən isə aksiyada iştirak edən, daha sonra ASC rəhbərliyi ilə görüşə qatılan bir neçə nəfəri polis idarəsinə çağırıblar.
Polis idarəsinə çağırılan Veysəl Mustafayev və Mehdi Həmidovdan aksiyanı təşkilatçılarının kim olduğunu soruşublar. Digər bələdçi Təranə Hümbətova isə bu gün idarəyə dəvət olunub.
Qeyd edək ki, yanvarın 26-da aksiya keçirən bələdçilər maaşlarının azlığından, yeni işə götürülən qadın bələdçilərlə onlar arasında ciddi maaş fərqinin olması, ayrı-seçkilik qoyulması olub. Onlar iş qrafiklərinin də azaldılmasından narazı olublar.
Xatırladaq ki, bələdçilər “Azərbaycan Dövlət Dəmir Yolları” ASC-nin rəhbəri Arif Əsgərovla görüşmək istəyirdilər.
Qaynar.info