
"Biz ağ günə çıxmaq istəyirik. Ağ gün isə bunu tələb edir ki, vətəndaş-dövlət birliyi olmalıdır"
"Vermiş olduğu bütün qərarlarda Azərbaycan dövləti vətəndaşlarla hesablaşmalıdır, ən azından onları məlumatlandırmalıdır".
Bunu Etatist.com-a dekabrın 8-də keçirəcəkləri aksiya haqqında danışan Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı deyib.
O, aksiyanın hədəfinin insanların haqq səsinin ucaltmaq olduğunu bildirdi. Aksiyanın dinc xaraktek daşıyacağını, heç bir şüar səsləndirilməyəcəyini deyən R.Hacılı, bunun sadə vətəndaşların aksiyası olacağını bildirdi: "Aksiyanın məqsədlərini açıq şəkildə bəyan etmişik. Hədəfimiz ondan ibarətdir ki, Azərbaycanda vətəndaşların haqq səsini ucaldaraq dövlətə xatırladaq ki, vermiş olduğu bütün qərarlarda Azərbaycan dövləti vətəndaşlarla hesablaşmalıdır, ən azından onları məlumatlandırmalıdır və müzakirə etməlidir. Bu həm Azərbaycan dövlətinin qoşulduğu konvensiyalarda, həm də Azərbaycan dövlətinin seçmiş olduğu dünyəvi dəyərlərə inteqrasiya dövründə çox vacibdir. Aksiya ilə bağlı xahiş etmişik ki, heç bir siyasi partiyanın funksioneri aksiyaya qoşulmasın, bu sadə vətəndaşların aksiyası olsun. Vətəndaşlar öz əllərində ağ vərəqlərlə çıxıb sakit formada Fəvvarələr Meydanında gəzinti edəcəklər və toplanıb ağ vərəq qaldıracaqlar göyə".
Ramin Hacılı dedi ki, ümid edirik ki, polislər də ağ vərəq götürüb aksiyaya gələcək: "Çünki, polislərlə bağlı verilmiş qərarlarda da polislərlə məsləhətləşilmir. Biz ağ günə çıxmaq istəyirik. Ağ gün isə bunu tələb edir ki, vətəndaş-dövlət birliyi olmalıdır".
Həmin tarixə təyin olunmuş digər aksiya haqqında da danışan Ramin Hacılı, bu aksiya haqqında insanlarda dolğun məlumatın olmadığını bildirdi: "O aksiyanı kim təyin edib, niyə təyin edib, o barədə məlumatım yoxdur. Həm də insanlarda dolğun məlumat yoxdur. Çünki, elə bir qurum çıxmadı ki, bu aksiyanı öz üzərinə götürsün".
Qaynar.info