Bu gün Mingəçevirdə keçirilən etiraz aksiyasında iştirak etmiş daha üç nəfər həbs edilib.
Bunu Qaynar.info-ya hazırda Mingəçevirdə ezamiyyətdə olan əməkdaşına şəhər sakinləri deyib. Həbs olunanlar Mehman Qaçay oğlu, Ramin və İlkin adlı şəxslərdir.
Şəhər sakinlərinin verdiyi məlumata görə, Ramin evindən aparılıb, İlkin yol gedərkən saxlanılıb və maşına mindirilərək Mingəçevir şəhər Polis Şöbəsinə aparılıb. İlkin məlumata görə, hər üç şəxsin iştirakı mediada yayımlanmış videogörüntülərdən müəyyənləşib, onlar aksiyaya çağırış etməkdə günahlandırılırlar.
Qeyd edək ki, avqustun 20-də axşam saatlarında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilən Bəhruz Hacıyev orada ölüb. Onun özünü 3-cü mərtəbədən atdığı bildirilir. Ancaq valideynləri deyilənlərlə razılaşmır, Bəhruz Hacıyevin intihar etməsinə inanmırlar. Avqustun 22-də şəhər sakinləri hadisəyə etiraz əlaməti olaraq polis şöbəsinin qarşısında aksiya keçiriblər. Aksiyada 500-dək adam iştirak edib. Mingəçevir Polis Şöbəsinin rəisi Ələsgər Bədəlov deyib ki, aksiya zamanı 10 nəfər polis əməkdaşı yaralanıb, 21 aksiyaçı həbs edilib. Həbs edilənlər arasında Bəhruz Hacıyevi dindirməyə hazırlaşan polis baş leytenantı Şahlah Şahlarzadə də var.
Ramin Deko
Qaynar.info