
Füzuli rayonunun icra başçısı Alı Alıyev yerli sahibkarlardan yenidən pul yığmağa başlayıb.
Bu barədə JAM.AZ-a yerli sahibkarlardan bir neçəsi məlumat verib.
Onlar bildirirlər ki, hər il bir neçə dəfə icra başçısı onlardan pul tələb edir. Bu tələb olunan məbləğlər əsasən müxtəlif adlar altında işlərin görülməsi üçün nəzərdə tutulur. Əslində isə həmin pulların hamısı birbaşa birincinin cibinə gedir.
Sahibkarlar deyirlər ki, sonuncu yığım kampaniyası Novruz Bayramı ərəfəsində əsgərlərə bayram sovqatı aparılması üçün nəzərdə tutulub. Hərbçilərlə birlikdə bayram keçirməyi özlərinə şərəf bilən iş adamları icra başçısının onların adından sui-istifadə etməsinə təəssüflənirlər: "Orduda qulluq edən əsgərlər, zabitlər bizim qardaşlarımız, balalarımızdır. Onlara sovqat aparmaq, onlarla birlikdə bayram keçirmək bizim üçün şərəfdir. Amma onlara sovqat aparmaq adı ilə pul yığmaq eybəcərlikdir".
Füzulidən olan sahibkarlar davamlı olaraq onlardan pul yığan icra başçısı Alı Alıyevdən prezidentə şikayət etmək məcburiyyətində qaldıqlarını da deyiblər. Onlar bildiriblər ki, Novruz Bayramından sonra şikayətlərini birbaşa dövlət başçısına göndərməyi qərara alıblar.
Qaynar.info