
Qaynar.info BBC-yə istinadən xəbər verir ki, bu barədə Müqəddəs Ecmiadzin Baş Kilsəsi mətbuat idarəsinin rəhbəri Vahram Melikyan “Arminfo” agentliyinə məlumat verib.
Vahram Melikyan erməni kilsəsi rəhbərinin avqust ayında QMİ başçısına Azərbaycanda əsirlikdə saxlanan erməni hərbçisi Hakob İnciqulyanın azad edilməsinə yardım göstərmək xahişi ilə məktub yazdığını təsdiq edib, lakin noyabrın 2-də erməni əsgəri ilə görüşdən sonra Şeyxülislamın erməni tərəfi ilə əlaqə saxlamadığını bildirib.
Noyabrın 19-da QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya bildirib ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə erməni katolikosu II Qareginə məktub göndərib.
Şeyxin məktubu bir müddət əvvəl II Qareginin xahişi ilə Azərbaycanda əsirlikdə olan hərbçi Hakob İnciqulyanla görüşünün nəticəsi ilə bağlıdır. Lakin məktubun detalları açıqlanmır.
Cənab Paşazadə erməni əsirlə görüşündə Ermənistana qayıtmasında ona yardımçı olmağı təklif etsə də, İnciqulyan bundan imtina edib və üçüncü ölkəyə getmək istədiyini bildirib.
Ermənistan əsgəri Hakob İnciqulyan, erməni mənbələrinə əsasən, avqustun 8-nə keçən gecə azaraq Azərbaycan tərəfinə keçib və əsir düşüb.
Qaynar.info