
Şarite Klinikasının həkimləri müayinə bitdikdən sonra ətraflı məlumat verəcəklər
Nabranda istirahət mərkəzində 1 ayağını itirən 2 yaşlı İmran bu gün Almaniyaya yola salınıb və o müalicəsini Almaniyada bu sahədə xüsusi ixtisaslaşmış klinikada davam etdirəcək. Uşağın vəziyyəti isə hazırda stabildir.
“Nabran Holiday village” istirahət mərkəzində bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış iki yaşlı İmran Cəfərzadə artıq Berlində Şarite Klinikasına yerləşdirilib. O, təxminən 1 aya qədər həmin klinikada müalicə olunacaq. Həmin vaxt ərzində İmranın bir neçə əməliyyat keçirəcəyi gözlənilir.
İmran Cəfərov bu gün səhər saatlarında Almaniyaya yola salınıb. Hava limanında mərkəzi klinikanın həkim heyəti İmranı Almaniyadan ambulans təyyarə ilə Bakıya gəlmiş ixtisaslaşmış həkim qrupuna təhvil verib.
Mərkəzi Klinik Xəstəxananın həkimi Azad Əbilov: “Xəstənin vəziyyəti dünən gün ərzində stabilləşdi, göstəricilər normallaşdı, lazım olan preparatlar vuruldu. Xəstə tam stabil halda tibbi təxliyyə ilə aeroporta çatdırıldı və alman həkimlərə təhvil verildi”.
Azyaşlının anası Nuridə Cəfərova da övladı ilə birlikdə Almaniyaya yola düşüb: “Azərbaycanın prezidenti İlham Əliyevə və birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. Bütün Azərbaycan xalqına, o cümlədən, Mərkəzi Kliniki Xəstəxananın bütün işçi heyətinə təşəkkür edirik. Fəxr edirik ki, Azərbaycan kimi ölkədə yaşayırıq”.
Prezident İlham Əliyevin tapşırığı ilə İmran Cəfərzadənin bütün əməliyyat xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb və ailənin müalicə üçün xərclədiyi bütün vəsait dövlət tərəfindən qarşılanıb.
Xatırladaq ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə Xaçmaz rayonunun “Nabran Holiday Village” istirahət mərkəzində, mərkəzin işçilərinin səhlənkarlığı nəticəsində xəsarət alaraq bir ayağını itirib, digərinin isə 60 faizə qədər sümükləri zədələnib.
Əməkdaşlarımız İmranın aparıldığı Almaniyanın Şarite Klinikasının həkimləri ilə bir neçə dəfə əlaqə saxlayıblar və həkimlər bildirib ki, İmran hələlik müayinə olunur və müayinə bitdikdən sonra ətraflı məlumat veriləcək./ans.tv/