
Altay Mehdiyev Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini icra edib, yeni təyinatdan sonra qərargah rəisi vəzifəsində saxlanıb
Azərbaycan müdafiə nazirinin yeni müavini və Hərbi Hava Qüvvələri komandanı vəzifəsinə təyinatın detalları məlum olub.
Məlumata görə, general-mayor Ramiz Tahirov Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub. R. Tahirov Müdafiə Nazirliyində vəzifəsinin icrasına başlayıb.
Dəqiqləşdirmələr zamanı məlum olub ki, bu günədək general-mayor Altay Mehdiyev HHQ komandanı və müdafiə nazirinin müavini vəzifəsini icra edib. O, HHQ-nin qərargah rəisi vəzifəsində olub və HHQ komandanı rəsmən təyin olunmadığından komandan vəzifəsini icra edib. Yeni komandan təyinatından sonra A. Mehdiyev HHQ-nin qərargah rəisi vəzifəsinə qayıdıb.
Qeyd edək ki, oktyabrın 24-də general-mayor Ramiz Tahirovun Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini vəzifəsinə təyin olunduğu xəbərini yayılıb. Ertəsi gün isə Müdafiə Nazirliyinin mətbuat xidmətindən HHQ komandanı, general-mayor Altay Mehdiyevin dəyişdirilməsi ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyi barədə açıqlama verilib./APA/
Qaynar.info