“A.M.A.Y” ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev son məhkəmə iclasında kimlərəsə xəbərdarlıq edib. A.Abdullayev belə deyib: “Məni başqaları ilə qarışdırmayın. Heç ”yuxarılarla" da müqayisə etməyin. Baxın, deyirəm, danışsam, sonu yaxşı olmaz. Mən Avropa Məhkəməsində də olsa, bəraət alacağam. Bunu hər kəs bilir ki, istəsəm, günü bu gün işimi Avropa səviyyəsinə çıxararam. Amma hələ ki, Azərbaycan dövlətçiliyinə hörmətlə yanaşıram. Sabah eləyəndə, heç kim deməsin ki, niyə belə elədin. Elə eləyin ki, sabah peşmançılıq çəkməyəsiz".
A.Abdullayev qeyd edib ki, ev tikilib, camaata evləri verilib: “Prokurorluq üzündən beş il tikintini təhvil verə bilmədik. İndi həmin o prokurorluq mənə dələduzluq ittihamı verib. Deyin görək, mənim cinayətimin sübutu hardadır?”.
A.Abdullayevin vəkili Osman Kazımov “Yeni Müsavat”a bildirib ki, mətbuat onun çıxışını təhrif edib. Vəkilin sözlərinə görə, müvəkkili elə bir ifadə işlətməyib, kimsəyə mesaj göndərməyib: “Sadəcə, hakimə deyib ki, məni nə yuxarı, nə aşağılarla müqayisə edin. Jurnalistlər fikirlərini olduğu kimi yazmayıb. O deyib ki, ”A.M.A.Y" işi ilə bağlı faktları açıqlayacağam. Kiməsə mesaj göndərməyib ki, “filan məsələləri açıb tökəcəm”, yaxud “danışsam axırı yaxşı olmaz”. Belə sözlər işlətməyib. Deyib ki, hərənin öz yeri var".
Vəkil qeyd etdi ki, bu işdə maddələr ağır görünsə də, mahiyyətində elə bir hal yoxdur: “Abdulla Abdullayev kredit götürüb və başqa adla bu pullar götürülüb. Sonra başqa tikintiyə xərclənib. ”Xudafərin" MMC ilə bağlı da problem olmayıb. Bina təhvil verilib, bir mənzilin iki nəfərə satılması halı olmayıb, kreditlər ödənilib. Sadəcə, bu işdə onun kimlərinsə iqtisadi maraqlarına toxunduğu üçün həbs edildiyini demək olar. Ola bilsin ki, A.M.A.Y-ın ondan alınması planı var".
A.Abdullayev “Xudafərin” MMC-nin tikdiyi 262 mənzilli və 3146 m/kv qeyri yaşayış sahəsi olan bina üçün 11 milyon 218 min 675 manat alıb. Bundan 7 milyon 712 mni 913 manat tikintiyə sərf edib və 3 milyon 505 min 762 manatı dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunur.
Ona verilən digər ittiham isə Sahibkarlığa Kömək Milli Fondundan alınmış 40 milyon 150 min manatın mənimsənilməsi haqdadır. İttiham aktına əsasən, iş üzrə 48 milyon 473 min 241 manat mənimsənilib. Amma bu məbləğin 43 milyon 546 min manatı ibtidai istintaq dövründə ödənilib. Mənimsənilmiş hesab edilən son məbləğ ümumilikdə 4 milyon 927 min 240 manatdır. Təqsirləndirilən şəxs heç bir ittihamları qəbul etməyib.
Qaynar.info